YAP Rusiya Dövlət Dumasının üzvünün Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri”nə müşahidə qismində qatılmasına etiraz edib

YAP Rusiya Dövlət Dumasının üzvünün Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri”nə müşahidə qismində qatılmasına etiraz edib
# 19 iyul 2007 15:19 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Rusiya Dövlət Dumasının nümayəndəsinin qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident seçkisini” “beynəlxalq müşahidəçi” statusunda izləməsi ilə əlaqədar bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasili İstratova etiraz məktubu göndərib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, məktubda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda keçirilən “prezident seçkisi”nin dünyanın aparıcı beynəlxalq təşkilatları BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, İslam Konfransı Təşkilatı tərəfindən pislənildiyi qeyd olunub. Həmçinin bu “seçkinin” beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən beynəlxalq hüquq normalarına kobud etinasızlıq və münaqişənin sülh yolu ilə həlli əleyhinə yönəlmiş addım kimi qiymətləndirildiyi məktubda öz əksini tapıb: “Dünyanın heç bir nüfuzlu və özünə hörmət edən beynəlxalq təşkilatı qondarma Dağlıq Qarabağda keçirilən “prezident seçkisi”ni izləmək üçün müşahidəçi göndərməyib. Rusiya Federasiyasının Dövlət Dumasının Təşkilat və Reqlament Komitəsinin sədr müavini Sergey Qlotov, o cümlədən qeyri-hökumət təşkilatları adı altında ayrı-ayrı Rusiya vətəndaşları “beynəlxalq müşahidəçi” statusunda qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident seçkisi”ni müşahidə edir. Rusiya “müşahidəçilərinin” bu addımı beynəlxalq hüquq və etik normalarla daban-dabana ziddiyyət təşkil edir və onlar bu cür “müşahidəçilik missiyası” ilə əslində özlərini separatçılarla bir cərgədə qoymuş olurlar”. YAP Dövlət Duması nümayəndəsinin bu addımını münaqişənin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiyanın Azərbaycanla strateji əməkdaşlığına zidd mövqe kimi dəyərləndirib. Partiya Rusiyanın müvafiq qurumlardan problemə aydınlıq gətirilməsini xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR