Bank Of Baku

Siyavuş Novruzov: “Müxalifətdən olan deputatların qrup yaratmasının heç bir əhəmiyyəti yoxdur”

Siyavuş Novruzov: “Müxalifətdən olan deputatların qrup yaratmasının heç bir əhəmiyyəti yoxdur”
# 24 iyul 2007 11:04 (UTC +04:00)
“Milli Məclisdə deputat qruplarının yaradılması müsbət haldır”. Bu sözləri APA-ya açıqlamasında Ana Vətən Partiyasından olan deputat Zahid Oruc “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseynin müxalifətçi deputatlardan ibarət 11 nəfərlik qrup yaratmaq istədiklərinə dair söylədiklərinə münasibət bildirərkən deyib. Z. Oruc parlamentin siyasi rənglər üzrə çeşidlərə ayrılmasının tərəfdarı olduğunu bildirsə də, hazırda Milli Məclisdəki müxalifət nümayəndələrinin buna qadir olmadığını da söyləyib: “İndiyə kimi müxalifətçilərin hər hansı platforma üzrə mövqelərini birləşdirməsini, qanun layihələri hazırlamasını və onun lobbiçisi kimi çıxış etməsini, eləcə də öz siyasi maraqları uğrunda vahid bir sistem halında mübarizə aparmasını müşahidə etməmişik. Bu, müxalifətin seçki dövründə yaratdığı mövsümi koalisiyalara bənzəyir. Onlar birləşirlərsə, deməli güclü deyillər”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə parlamentdə müxalifət deputatlarının ayrıca bir qrupunun yaradılmasının tərəfdarı olduğunu bildirib. Deputat deyib ki, parlamentdə təmsil olunan müxtəlif yönlü deputatlar ölkənin problemlərinin həlli istiqamətində onları birləşdirilən məqamlarda bir yerdə olmağı bacarmalıdır: “Bu təşəbbüsü dəstəkləyirəm”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu da siyasi mənsubiyyətindən asılı olmayaraq deputatların xüsusi bir qrupunun yaradılmasına ehtiyac olduğunu vurğulayıb: “Mən belə bir qrupun yaradılması istiqamətində istənilən addımı atmağa hazıram”.
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov həmkarlarının fikrinə hörmətlə yanaşdığını, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün deputatların hər hansı məsələni xalqın mənafeyi baxımından həll etməsinin vacib olduğunu söyləyib: “Deputat hər hansı qrup marağından xidmət etməməlidir”.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə Milli Məclisin daxili nizamnaməsinə əsasən hər hansı fraksiyanın yaradılması üçün ən azı 25 deputatın lazım olduğunu xatırladıb. O, müxalifətdən olan həmkarlarının qrup yaratmasının heç bir əhəmiyyəti olmadığını bildirib: “Yaradıb nə edəcəklər axı? Bunlar sadəcə olaraq bekarçılıq əlamətidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR