Bank Of Baku

Natan Şaranski: “Müsəlman-şiə dövləti olan Azərbaycanla etibarlı strateji əlaqələr bizim üçün çox vacibdir“

Natan Şaranski: “Müsəlman-şiə dövləti olan Azərbaycanla etibarlı strateji əlaqələr bizim üçün çox vacibdir“
# 15 avqust 2007 09:20 (UTC +04:00)
Mən bilirəm ki, bir çox yəhudi Azərbaycanda özünü yaxşı hiss edib və edir. Bizim üçün tarixin bu səhifəsi önəmlidir. Önəmli və bizim çox qiymətli olan başqa məqam isə odur ki, Azərbaycan müsəlman ölkəsidir. Müsəlman-şiə dövləti olan Azərbaycanla etibarlı strateji əlaqələrin olması bizim üçün çox vacibdir”. Bu sözləri APA-nın İsrail bürosuna açıqlamasında Şalem Mərkəzinin Strateji Araşdırmalar İnstitutunun rəhbəri Natan Şaranski deyib. O, rəsmi Bakının bu istiqamətdə ehtiyatlı hərəkət etməsini anladıqlarını, İsraildə hələ də Azərbaycan səfirliyinin açılmamasının təsadüf olmadığını bildirib: “Biz Azərbaycanın mürəkkəb geopolitik vəziyyətini və bu vəziyyətin onu manevr etmək məcburiyyəti qarşısında qoyduğunu başa düşürük. Bütün xoş niyyətlərinə rəğmən Azərbaycan İsraillə tam həcmli diplomatik münasibətlər qurmağa can atmır və biz onun qarşılaşdığı çətinlikləri anlayırıq. Amma mən hesab edirəm ki, Azərbaycan bu çətinlikləri aşacaq və tezliklə İsraildə diplomatik nümayəndəlik yaradacaq”. İki ölkə əlaqələrinin böyük perspektivi olduğunu vurğulayan N. Şaranskinin sözlərinə görə, kiçik dövlət olmasına baxmayaraq, İsrail müasir yüksək texnologiyalar sahəsində super gücdür. O qeyd edib ki, kəşflər və elmi yeniliklərin adambaşına düşən miqdarına görə İsrail dünyada liderdir: “Azərbaycandan bura gələn və Azərbaycanı vətən sayan insanlar iki ölkə arasında təbii körpüdür. Bizim münasibətlərimizin ən bariz nümunələrindən biri Bakı-Tiflis-Ceyhan neft kəməridir. Ceyhan limanı İsrailin 600 kilometrliyində yerləşir və biz Azərbaycandan neft almaqda çox maraqlıyıq”. Ekspertin fikrincə, İsraillə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonrakı inkişafına iki faktor təsir göstərəcək. Birinci faktor İsraillə İran arasındakı gərginliyin regiondakı vəziyyətə nə dərəcədə təsir edəcəyi ilə bağlıdır. İkinci faktor isə Azərbaycanın azad, demokratik ölkə kimi inkişaf etməyə nə qədər hazır olduğu ilə əlaqəlidir ki, bu, Yaxın Şərqin azad, demokratik ölkəsi olan İsrailin maraqlarına uyğundur. N. Şaranski bildirib ki, İranın nüvə proqramı təkcə İsrailin yox, bütün dünyanın problemidir. Keçmiş nazirin sözlərinə görə, daha bir dövlətin əlində nüvə silahının olması əlbəttə yaxşı hal deyil, digər tərəfdən, İrandakı rejim açıq-aşkar bəyan edir ki, onun məqsədi bütün dünyada islam təməlçiliyinin qələbəsinə nail olmaqdır: “Bu rejim İsraili dövlət kimi məhv etmək məqsədini gizlətmir. Aydındır ki, bu rejim atom silahı əldə etsə, onu dayandırmaq mümkün olmayacaq. Məhz buna görə bütün dünya təhlükə altındadır. Bu müharibədə qalib gələn olmayacaq”. Sabiq nazir İranın nüvə silahı əldə etmək cəhdlərinə dəstək verən Rusiyanın “xüsusi” rolunu da vurğulayıb. O, 1997-ci ildən bəri İsrail hökumətinin tapşırığına əsasən Rusiya siyasi elitasının bütün nümayəndələri ilə görüşdüyünü və Rusiya texnologiyalarının İrana göndərilməsinin hansı təhlükəli nəticələrə səbəb olacağı ilə bağlı onlara xəbərdarlıq etdiyini söyləyib: “Mənim söylədiklərimin çoxu onların xoşuna gəlmədi. Ancaq mən Rusiya prezidenti Vladimir Putinin sözlərini də xatırlatmaq istərdim. O bildirdi ki, vaxt gələcək, İranın nüvə silahının istehsalında Avropa texnologiyalarının rolunun Rusiyanın rolundan heç də az olmadığı ortaya çıxacaq. Ona görə də İrana qarşı sanksiyalarda bütün dövlətlər iştirak etməlidir”. İranla bağlı problemi siyasi, diplomatik və ya hərbi yolla həll etməyin mümkünlüyün vurğulayan Natan Şaranski bildirib ki, Tehran rejiminin nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün addımlar atılmalıdır.
Qeyd edək ki, N. Şaranski 1948-ci ildə Ukraynanın Donetsk şəhərində doğulub. Antisovet fəaliyyətə görə 1977-ci ildə həbs edilib. 1978-ci ildə ABŞ-a casusluq etməkdə suçlanaraq 13 il azadlıqdan məhrum edilib. ABŞ və Avropanın uzun müddət davam edən ciddi etirazları və müdaxiləsinin nəticəsi olaraq N. Şaranski 1986-cı ildə Şərqi və Qərbi Berlinin sərhədində Qərbdə həbs olunmuş sovet kəşfiyyatçılarından biri ilə dəyişdirilib. 1995-ci ildə keçmiş SSRİ-dən köçən yəhudiləri birləşdirən “İsrael ba Aliya” adlı partiya yaradıb. 1996-cı ildən 2003-cü ilə qədər Knessetin üzvü olub. 1999-2003-cü illərdə daxili işlər naziri, 2001-2003-cü illərdə tikinti naziri vəzifələrində işləyib. 2006-cı ildə “Likud” Partiyasından yenidən deputat seçilib. 2007-ci ilin əvvəlində siyasəti tərk edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR