Bank Of Baku

Koreya səfiri: “Koreya Azərbaycandan kənd təsərrüfatı məhsullarının alınmasında maraqlıdır”

Koreya səfiri: “Koreya Azərbaycandan kənd təsərrüfatı məhsullarının alınmasında maraqlıdır”
# 17 avqust 2007 16:35 (UTC +04:00)
Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çul ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İ.Abasov bildirib ki, 2006-cı ildə iki ölkə arasında mal dövriyyəsi 115,3 mln. ABŞ dolları təşkil edib. Bunun 46,9 mln-dan çoxu Koreyadan idxal olunan malların payına düşüb. Koreyadan əsasən, polietilen, ekskavatorlar, məişət avadanlıqları, radioelektronika, avtobuslar, minik və yük avtomobilləri gətirilir. Azərbaycan isə Cənubi Koreyaya alüminium və neft məhsulları ixrac edir.
Nazirin sözlərinə görə, Koreya Ərzaq Tədqiqat İnstitutu və Azərbaycan Aqrar Elm Mərkəzinin meyvə-tərəvəz məhsullarının saxlama müddətinin uzadılması istiqamətində birgə tədqiqatların aparılması sahəsində ilkin razılıq əldə edilib. Bu məqsədlə Koreya tərəfindən layihə sənədinin hazırlanması və maliyyələşdirilməsi nəzərdə tutulur. Bu layihənin tezliklə həyata keçiriləcəyinə ümid edən İ.Abasov deyib ki, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq əlaqələrinin hüquqi bazasının yaradılması məqsədilə hər iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq sazişinin hazırlanması məqsədəuyğun olardı: “Sizin ölkənin Azərbaycanın qeyri-neft sektoruna, xüsusən aqrar sahəyə investisiya qoymasına əlverişli şərait var”.
Lyu Kvanq Çul isə öz növbəsində bildirib ki, Azərbaycan və Koreya arasında yaradılan İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın II iclası avqustun 27-29-da Bakıda keçiriləcək. Komissiya çərçivəsində yaradılan Kənd Təsərrüfatı Komitəsinin Kənd Təsərrüfatı Nazirliyində görüşü təşkil olunacaq. Bu görüşdə hər iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Səfir eyni zamanda Azərbaycanda üzüm istehsalı, maşın texnologiyalarının tətbiqi, yeni sortların becərilməsi, şərabçılıq sahələri üzrə birgə müəssisələrin yaradılmasının məqsədəuyğun olduğunu bildirib. Lyu Kvanq Çul Azərbaycan və Koreya arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə qarşı tərəfin biyan kökü və fındıq məhsullarının alınmasına maraq göstərdiyini də söyləyib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR