Bank Of Baku

Fəttah Heydərov: “Heydər Əliyev Azərbaycan insanına işləməyi və yaşamağı, “Mən azərbaycanlıyam” sözünü fəxrlə söyləməyi öyrətdi”

Fəttah Heydərov: “Heydər Əliyev Azərbaycan insanına işləməyi və yaşamağı, “Mən azərbaycanlıyam” sözünü fəxrlə söyləməyi öyrətdi”
# 07 may 2008 12:11 (UTC +04:00)
- Heydər Əliyevlə ilk dəfə nə vaxt görüşmüsünüz?
- Bizim Heydər Əliyevlə tanışlığımız uzun illər əvvələ təsadüf edir. Ümumiyyətlə, insan ömrü su kimi axıb gedir. İndi bu qədər sürətlə keçən və həm də çox yaxın görünən zamana baxanda keçmişim, birgə işlədiyim, gördüyüm, tanış olduğum insanlar gəlib gözümün önündən keçir. Mənim çox tez-tez xatırladığım bu ömürdə işıqlı bir xətt də var ki, bu da ulu öndər Heydər Əliyevlə bağlıdır. Bizim Heydər Əliyevlə tanışlığımız partiya işlərində çalışdığım ilk vaxtlara təsadüf edir. 1968-ci ilin oktyabrında Naxçıvanın yubiley tədbirləri keçirilirdi. Respublika rəhbərliyi də Naxçıvana gəlmişdi. Heydər Əliyevlə ilk tanışlığım həmin tədbirdə olub. Onda Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi. İclasda onun general rütbəsi ilə təltif olunması haqqında məlumat verildi. Onun üzündə bir işıq gördüm. Aradan çox keçməmiş - 1969-cu ilin iyununda Heydər Əliyev Azərbaycanda Mərkəzi Komitənin birinci katibi seçildi. Bu hadisə xalq tərəfindən çox böyük rəğbətlə qarşılandı, bununla da Azərbaycanın ittifaqdakı mövqeyi, ölkəmizə olan baxış dəyişdi.
Yadımdadır, bu hadisədən əvvəl - 1967-ci ildə ilk dəfə Azərbaycandan kənara çıxmışdım. Soçidə istirahət edirdik, bir rus polkovniki ilə tanış olduq. Haradan olduğumu soruşdu, Azərbaycandan gəldiyimi deyəndə, donub qaldı, belə bir yer tanımadığını dedi. “Arşın mal alan” filminin, Rəşid Behbudovun adını çəkdim. Rəşidin adını eşidəndə, tanıdı. Bu dialoq mənə pis təsir etdi. Necə ola bilərdi ki, Sovet vətəndaşının Azərbaycan haqqında məlumatı olmasın? Bax, Heydər Əliyev bu reallıqları dəyişdi. O, Mərkəzi Komitənin rəhbəri olmamışdan öncə Azərbaycan Sovet İttifaqında axırıncı yerlərdən birini tuturdu, anarxiya, rüşvətxorluq, kadr təyinatı və digər problemlər hökm sürürdü. Heydər Əliyev bütün bunlarla mübarizə aparmaq üçün milli proqram hazırladı və onu böyük məsuliyyətlə həyata keçirdi. Mən o proqramların həyata keçirilməsinin həm şahidi, həm də iştirakçısı olmuşam. Xatırlayıram ki, 1969-cu ilin avqust plenumunda Heydər Əliyev tarixi bir nitq söylədi. O danışdıqca, mən indiyə qədər millət və torpaq haqqında içimdə yığılıb qalmış suallara cavab tapırdım.
Heydər Əliyev insanları arxasınca aparmağa və düz yola çəkməyə başladı. Təhsilə yüksək önəm verdi, nüfuzlu ali məktəblərə tələbələr göndərməyə başladı. O, Azərbaycan torpaqlarının bar-bərəkətini çoxaltdı. Mən onun Azərbaycanla bağlı arzu və istəklərinin çoxunu öz dilindən eşitmişəm.
- Sizin sonrakı təyinatlarınız birbaşa Heydər Əliyevlə bağlı oldu?
- Bəli. 1970-ci ildə Ordubada ikinci katib göndərildim və 6 il burada çalışdıqdan sonra 1976-cı ildə əhaliyə məişət xidməti naziri təyin edildim, bir il yarım burada çalışdıqdan sonra Ordubada birinci katib seçildim. Onun ən böyük tövsiyəsi vəzifəyə qoyulan şəxsi halal işləməyə çağırmaq idi. Onda Heydər Əliyev məni qəbul etdi və görüşdə mənə bu sözləri dedi: “Bilirsiniz, harada işləyirsən işlə, halallıqla işləməlisən. Bizim adamların düz yola, doğru sözə çox ehtiyacı var. Bunsuz rayonun iqtisadiyyatını qaldıra bilməzsən. Onu bil ki, səni bu vəzifəyə mən özüm məsləhət görmüşəm, çünki sən orada ikinci katib olanda adamların hörmətini qazanmısan. Mənim hər şeydən xəbərim var”. Bunu deyəndə təəccübləndim, bir daha əmin oldum ki, Heydər Əliyevin hər kəs haqda xəbəri var. Onun ən böyük tövsiyəsi vəzifəyə qoyduğu şəxsin halal işləməsi idi.
- Bəs Heydər Əliyevin Moskvaya təyinatını necə qarşıladınız?
- Bu xəbəri eşidəndə həm sevindim, həm də kədərləndim. O, Moskvaya təyin olunandan sonra bütün rəhbər şəxslərlə vida görüşü keçirdi. Rayonların birinci katibləri ilə keçirdiyi görüşdə dedi ki, Azərbaycan üçün hələ çox işlər görmək istəyirdi. O, gözünün həmişə Azərbaycanda olacağını söylədi. Sonra qapının yanında dayanıb hər kəslə bir-bir vidalaşdı. Mənə də “möhkəm olun, yaxşı işləmək lazımdır!”, - söylədi. 1984-cü ilin noyabrında Naxçıvanın mədəniyyət naziri vəzifəsinə təyin olundum. Nazir kimi Naxçıvanda əsasını Heydər Əliyevin qoyduğu böyük mədəniyyət evinin tikintisi ilə məşğul olurdum. Bununla bağlı avadanlıqlar ittifaqın müxtəlif şəhərlərindən gətirilirdi. Bu məsələnin həllində Heydər Əliyevin xüsusi rolu olurdu. Onun adı çəkilən yerdə məsələlər dərhal həll olunurdu.
- Heydər Əliyevi Moskvaya gedəndə bütün Azərbaycanın yola saldığını dediniz. Bəs qayıdanda onu qarşılayanlar arasında kimlər var idi?
- Heydər Əliyev Azərbaycan insanına işləməyi və yaşamağı, “Mən azərbaycanlıyam” sözünü fəxrlə söyləməyi öyrətdi. Naxçıvana qayıdanda onu böyük insan kütləsi qarşıladı. Mən həmin günün səhəri Heydər Əliyevlə görüşdüm. Məni çox böyük təbəssümlə qarşıladı. Bir qədər sınıxmışdı, biz onu Moskvaya yola salanda belə deyildi. Təbii ki, həmin illər ərzində çox hadisələr baş vermişdi. Böyük və ağır mənəvi zərbələrə məruz qalmış, həyat yoldaşını itirmişdi. O vaxt mən Naxçıvanda mədəniyyət naziri işləyirdim. Vaxtaşırı ziyarətinə gedirdim. Oturub uzun-uzun söhbətlər edirdik. O vaxt nə vəzifəyə gəlmək, nə hakimiyyətə qayıtmaq barədə heç bir kəlmə danışılmırdı. O, yaşının bu çağında naxçıvanlılarla bir yerdə olmağa gəlmişdi. Həmin vaxt Naxçıvan çox ağır vəziyyətdə idi, ictimai-siyasi durum xaos həddinə çatmışdı. Naxçıvan hər tərəfdən blokadada idi. Onda Heydər Əliyevin ziyarətinə bütün Naxçıvan gəlirdi. Yadımdadır, bir dəfə Naxçıvanın rəhbər vəzifəli şəxslərindən biri onu ziyarətə gəlmişdi. Heydər Əliyev ondan soruşdu ki, Sədərəkin boşaldılması haqqında məlumat alıb, bu nə qədər doğrudur? Həmin şəxs bu xəbəri təsdiqlədi, dedi ki, təhlükəsizlik baxımdan yalnız qocaları, uşaqları çıxarırlar. Onda Heydər Əliyev ömrü boyu yadımda qalan dahiyanə bir sual verdi: “Sən bilirsənmi, ərazini, kəndi boşaltmaq onu düşmənə təhvil vermək deməkdir?!” O, Azərbaycanın taleyindən çox narahat idi.
Türkiyə ilə Azərbaycan arasında körpünün açılması o zaman çoxlarının arzusu olsa da, bunu Heydər Əliyev reallaşdırdı. Heç bir vəzifə daşımasa da, tövsiyələrini əsirgəmirdi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsini istəyirdi. Onun yaşadığı ev az keçməmiş ziyarətgaha çevrildi. Azərbaycanın hər tərəfindən axın-axın adamlar onu ziyarətə gəlirdilər. Təsəvvür edin ki, ucqar kənddən olan bir kişi evinin açarını ona gətirmişdi ki, orda qalıb dincəlsin. Heç bir təmənnası olmayan sadə adamlar çətin günündə ona arxa durmaq istəyirdilər. Heydər Əliyev də onlara minnətdarlığını bildirir və təbii ki, təklifləri qəbul etmirdi. Heç deputat seçilmək də istəmirdi, tam sakit həyat sürmək fikrindəydi. Bir dəfə Naxçıvanda məscidlərdən birinin ağsaqqalları mənə onunla görüşmək istədiklərini bildirdilər. Camaatın xahişini Heydər Əliyevə çatdırdım, razılaşdı. Dedi ki, özü məscidə gedəcək. İnanın ki, evdən çıxıb məscidə gedənə qədər ətraf sanki mitinq meydanına döndü. Yadımdadır ki, məscidin içi dolduğundan, biz həyətə çıxdıq. Orda camaatla görüşdü, elə orda da camaat onun deputat olmasını istədiyini dedi. Onda məndən soruşdu: “Məni buna görəmi gətirdin? Axı mənim heç bir vəzifə tutmaq fikrim yoxdur”. Amma mənim doğrudan da orda hansı təklif səslənəcəyindən xəbərim yox idi. Heç o təklif planlaşdırlmamışdı da... Görüşdə birdən-birə belə bir fikir səsləndirildi.
- Mədəniyyət naziri ola-ola belə görüşləri təşkil etməkdən çəkinmirdiniz?
- Heydər Əliyev böyük şəxsiyyət idi. O vaxt vəzifədə olanların əksəriyyəti Heydər Əliyevin yetirmələri idi. Digər tərəfdən, hamı Qorbaçovun Heydər Əliyevə qarşı xəyanətini başa düşürdü. Qarabağda vəziyyət gərginləşmişdi. Hamını “Nə etməli” sualı düşündürürdü. Ona görə də insanlar Heydər Əliyevin deputatlığa namizədliyini irəli sürdülər. Onunla tikiş fabrikində keçirilən görüşdə mən də iştirak edirdim. Heydər Əliyev etiraz etsə də, camaat onun namizədliyinin irəli sürülməsini qətiyyətlə tələb etdi. Həmin tədbirdə mən də çıxış edərək, Heydər Əliyev haqqında danışdım. O vaxt mən Heydər Əliyev haqqında mətbuatda həqiqətə uyğun olmayan materiallar dərc etdirənlərə üzümü tutaraq onları yazdıqlarından utanmağa çağırdım. Növbəti görüş mədəniyyət sarayında baş tutdu. Mən orda da çıxış edib xalqın iftixarı olan bu insanın öz əlləri ilə tikdiyi sarayda adamlarla bir yerdə olmasını böyük xoşbəxtlik kimi qiymətləndirdim. Deputat seçiləndən sonra Naxçıvan Ali Məclisinin ilk iclasında ağsaqqal kimi çıxış edən Heydər Əliyev Naxçıvanın adının qarşısından “Sovet Sosialist” sözlərinin çıxarılmasının vacibliyini dilə gətirdi. Bu məsələ səsə qoyuldu və həmin sözləri Naxçıvanın adının qarşısından çıxardıq. Bu hadisə 1990-cı ilin noyabrın 17-də baş verdi. Elə həmin gün ilk dəfə üçrəngli Azərbaycan bayrağını zala gətirdilər və bayraq dəyişdirildi. Heydər Əliyev Azərbaycanın dövlət bayrağı kimi üçrəngli bayrağın qəbul edilməsinin vacibliyini söylədi. İclas zamanı Azərbaycan Ali Sovetinə müraciət də qəbul olundu. Müraciətin mətnini də o özü yazdı. Azərbaycanın müstəqilliyini ifadə edən ilk qərar həmin iclasda qəbul edildi. O, ilk iclasa xalqın təkidi ilə gəlmişdi. Çıxış edəndə dedi ki, hər şeyi təmənnasız etmək istəyir, istənilən köməyi göstərməyə hazırdır. Hətta bir neçə kadrın adını da çəkdi ki, vəzifəyə bunları təyin edin. Lakin iclasda təkidlə onu Ali Məclisin sədri seçdilər və Heydər Əliyev bu vəzifəni boynuna götürməli oldu. O, Naxçıvan ağır durumda olduğuna görə bu kiçik vəzifədə işləməyə razılıq verdi. Ali Məclisin sədri seçiləndən sonra Heydər Əliyevin ilk addımı Naxçıvanın dirçəldilməsi ilə bağlı oldu. Onun soyuq kabinetlərdə, lampa işığında, paltoda əyləşib sabahlara qədər işləməsi yadımdadır. Bu barədə çox şeylər yazılıb. Ancaq bunların bir çoxu mənim gözümün qarşısında baş verib.
- Deyirlər, Heydər Əliyevin insanları saatlarla dinləyib...
- O, insana sualı elə formada verirdi ki, cavab üçün mütləq müəyyən qədər danışmalı olurdun. Adamı səbirlə dinləyib, müəyyən müqayisələr aparırdı. Son qərarı isə özü verirdi. Onun ən başlıca xüsusiyyəti möhkəm iradəli olması idi. Heydər Əliyev qədər iradəli və səbirli, həqiqəti hər şeydən uca tutan insana rast gəlməmişəm. Bir gün xəbər yayıldı ki, Naxçıvan dəyirmanında un tükənib, problem sabaha kimi həll olunmasa, böyük çətinliklər qarşısında qalacağıq. Həmin gün axşamdan oturub nə edəcəyimizi götür qoy-etdik. Süleyman Dəmirəlin müşavirlərindən biri də Naxçıvanda səfərdə idi. Problemdən xəbər tutandan sonra Türkiyə ilə telefon əlaqələri saxlamağa başladıq. Heydər Əliyevin də Türkiyənin müəyyən sərhədyanı ərazilərinin rəhbərləri ilə əlaqələri var idi. Orada Heydər Əliyevə böyük rəğbət bəsləyirdilər. Bu danışıqlardan sonra gecə ilə İqdır, Ərzurum və Qarsda bağlı dükanlar açıldı, ordan un yükləyib iri tutumlu maşınlarla Naxçıvana göndərdilər. Səhərə yaxın unla yüklü maşınlar Naxçıvana gəlib çatdı. Biz hamımız oturub soyuq kabinetdə gözləyirdik. Həmin gecə Heydər Əliyev dəfələrlə zəng vurub un gətirən maşınların harada olması ilə maraqlandı. Unla dolu maşınların səhər saat 5-də Naxçıvana çatdığı barədə bizə məlumat verildi. Heydər Əliyevi ömründə bu qədər sevinən görməmişdim. Dərindən nəfəs aldı, sonra da dedi: “İndi gedin dincəlin”. Səhəri gün mən işə gələndə isə onun axşam evə getmədiyini söylədilər. Əynində palto soyuq kabinetdə səhərə qədər oturub işləmişdi. O, Naxçıvanı bu cür əziyyətlərlə ağır vəziyyətdən çıxardı. Muxtar Respublikada ictimai mühit tamamilə korlanmışdı. Müəyyən silahlı dəstələr guya Naxçıvanın müdafiəsində iştirak edirdilər. Heydər Əliyev gəlməsəydi, Naxçıvan əldən gedəcəkdi. Belə bir plan artıq hazırlanmışdı. Mən həmişə cəsarətlə demişəm ki, Heydər Əliyev gələnə qədər Kərki kəndi həmin siyasətin qurbanı oldu və indi də ermənilərin işğalı altındadır. Bu kənddən də əvvəlcə qocaları və uşaqları çıxarmışdılar. Əvvəl Naxçıvanı, sonra isə Azərbaycanı Heydər Əliyev qoruyub saxladı. Bu proseslər də mənim gözümün qarşısında olub. Qısa müddət ərzində Naxçıvanla Türkiyə və İran arasında yaxşı münasibətlər yaranmışdı. Onun İranla Azərbaycan arasında münasibətlər yaratmasının iştirakçısı olmuşam. Bir gün Məşhəd ziyarətinə getmək üçün Heydər Əliyevdən icazə aldım. İranda Təbrizin başçısı ilə görüşdüm. 15 dəqiqəlik görüşümüz 3 saatadək davam etdi. Mənə Azərbaycanın İranla münasibət qurmaq istəməməsindən bol-bl gileyləndi. Mən də dedim ki, Naxçıvanda sovetlər birliyində 300 milyon insanın rəhbərlərindən biri olmuş adam var. Niyə onunla münasibətlər qurmursunuz? O da mənə dedi ki, Heydər Əliyev Türkiyə ilə münasibətlər qurur. Dedim, Siz nə vaxt münasibət yaratmağa cəhd etdiniz ki, olmadı? Onu da deyim ki, bu münasibətlər o vaxtlar Naxçıvana çox lazım idi. Bu görüşdən sonra mən Məşhəd ziyarətinə gedib qayıtdım. Ziyarətdən qayıtdığım gün Naxçıvana çatanda artıq axşam idi. Zəng edib Heydər Əliyevə qayıtmağım barədə məlumat verdim. Cavabında “sən orada yaxşı işlər görmüsən. İndi sabah mənimlə İrana gedirsənmi?” dedi. Sabah Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi İrana getdi və İranla Azərbaycan arasında bu gün də davam edən münasibətlərin əsası qoyuldu.
- Heydər Əliyev Bakıya gələndən sonra da əlaqələriniz davam etdimi?
- Heydər Əliyev Bakıya gələndən sonra mən də Milli Məclisin deputatlığına namizədliyimi verərək, 1995-ci ildə deputat seçildim. Amma doğrusunu deyim ki, o, Bakıya gələndə mən çox qorxurdum. Çünki həyatının qarantiyası yox idi. O, Bakıya dəvət ediləndə də yanında idim. O zaman düşmən bir kənarda qalmışdı, Bakıda siyasi qüvvələr bir-biri ilə mübarizə aparırdı. Heydər Əliyev o gərgin siyasi proseslərdən ilahi qüvvənin köməyi ilə çıxdı. Bu cür adamları Tanrı nadir nüsxələr kimi yaradır. Azərbaycanın müstəqilliyini əbədiləşdirən, dövlətçiliyi möhkəmləndirən Heydər Əliyev olub. O, Azərbaycan Konstitusiyasını öz əlləri ilə yazıb. Heydər Əliyev Azərbaycanı yıxılmağa qoymayıb, ona əsl dayaq olub. O, bütün ömrü boyu qazandığı dövlətçilik təcrübəsini öz xalqına həsr edib.
- Müsahibənin əvvəlinə ilk görüşünüzdən başladıq. Bəs Heydər Əliyevlə son görüşünüzü necə xatırlayırsınız?
- Heydər Əliyevlə sonuncu görüşüm Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin zabitləri qarşısında çıxış edərkən yıxılanda, bir də son mənzilə yola salınanda olub. Həmin çıxış zamanı sanki Heydər Əliyev başladığı və sona çatdırdığı yol haqqında danışırdı. O, bütün həyatını həmin iclasda işlətdiyi bir kəlamdakı ideyanın həyata keçməsinə həsr etmişdi. Heydər Əliyev həmin zalda çıxış edəndə bütün həyatı gözlərimin qarşısında canlandı. Onun sözləri Azərbaycan gəncinə mesaj idi. O, məqsədinə nail olmuşdu. Bu gün Azərbaycan adlı bir xalq və onun möhkəm dövləti var. Heydər Əliyev kürsüdə yıxılmasına baxmayaraq, yenidən qayıtdı və nitqini “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə sona çatdırdı. O, Azərbaycan cəmiyyətinə öz mesajını verdi. Həyat sübut etdi ki, Heydər Əliyev Azərbaycan üçün doğulmuşdu, bütün mənalı həyatını da Azərbaycana həsr etdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR