Şuşa həbsxanası ərazisində aşkar edilən və Birinci Qarabağ müharibəsi dövründə burada saxlanılan azərbaycanlılara aid olması ehtimal edilən kütləvi məzarlıq, törədilən qətliam Ermənistanın beynəlxalq humanitar hüquqa aşkar hörmətsizliyinin və dövlət səviyyəsində bu cinayətləri dəstəkləməsinin növbəti sübutudur.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, bu, postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur ərazisində aşkarlanan ilk kütləvi məzarlıq deyil və istər Füzulidə, istər Xocavənddə, istər Cəbrayılda insanların kütləvi şəkildə dəfn olunduğu yerlərin hər biri özlüyündə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə şəxsiyyət əleyhinə olan cinayətlərin məcmusunu ehtiva edir: “Bu insanlar qəsdən ona görə işgəncələrə məruz qalaraq öldürülüb ki, onlar azərbaycanlı olub. 1948-ci il 9 dekabr tarixli Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya və Azərbaycan Cinayət Məcəlləsinin 103-cü maddəsində ifadə olunduğu kimi, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədi ilə onların öldürülməsi soyqırım hesab olunur. Digər tərəfdən, kütləvi şəkildə dəfn olunanların, demək olar ki, hamısı əsirlikdə olublar və onlar silahsız, müqavimət göstərmək imkanları olmadığı halda vəhşicəsinə qətlə yetiriliblər. Şuşada aşkarlanan kütləvi məzarlıqda adi gözlə skletlər üzərində bu vəhşiliklərin izlərini görmək olur. Qətliamın həbsxanada törədilməsi onu deməyə əsas verir ki, soyqırıma məruz qalanlar hərbçi olmayıb, hərbi əsirlərin isə heç biri öldürüldükləri anda müqavimət göstərən kombatant olmayıb. Bu isə müharibə qanunlarını və adətlərini, o cümlədən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq norma və prinsiplərini, daha konkret desək, “Hərbi əsirlərlə rəftara dair”, o cümlədən "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" Cenevrə Konvensiyaları və 1977-ci il Əlavə Protokolların köklü pozuntusu kimi məsuliyyəti labüd edir. Amma təəssüf ki, bu günə qədər Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzulinin Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcər, Ağdam və digər yaşayış məntəqələrində aşkar edilmiş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyət lazımi həssaslığı göstərməyərək ikiüzlü riyakar münasibət sərgiləməkdədir. Baxmayaraq ki, beynəlxalq hüquq konkret şəkildə tələb edir ki, qeyd etdiyimiz əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır. Yəni hüquq da, ədalət də tələb edir ki, bu cinayətləri törədən erməni hərbiçiləri, Ermənistanın o zamankı hərbi-siyasi rəhbərliyi, o cümlədən həmin cinayətlərə göz yuman, kütləvi məzarlıqların koordinatlarını gizlətməklə cinayətləri ört-basdır etmək istəyən, cəzasızlıq mühiti ilə yeni cinayətlərə rəvac verən, bugünkü hay hakimiyyəti də məsuliyyətə cəlb olunmalıdır. Amma real mənzərəyə baxsaq, dünya erməni vandalizmi, barbarlığını görməzdən gəlir. Bu isə o deməkdir ki, necə ki Azərbaycan öz imkanları hesabına BMT qətnamələrinin icrasına hərbi-siyasi yolla 44 günlük savaşda özü nail oldu, bu canilərin cəzalandırılmasını da biz özümüz reallaşdırmalıyıq. Əks halda Ermənistan terror siyasətini davam etdirməklə bölgədə yeni faciələrə yol açmaqda davam edə bilər”.