“Prezident İlham Əliyevin Bakıda keçirilmiş məhkəmə prosesini mahiyyətinə və formasına görə Nürnberq Tribunalının analoqu adlandırması mühüm hüquqi və siyasi məna daşıyır. Burada söhbət sadəcə tarixi bənzətmədən deyil, son 30 ildən artıq müddətdə baş vermiş proseslərin hüquqi və siyasi yekunundan gedir”.
Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) aparıcı məsləhətçisi Fuad Abdullayev deyib.
Onun sözlərinə görə, Nürnberq Tribunalı ilə Bakıda keçirilən məhkəmə prosesi arasında hüquqi status baxımından fərqlər olsa da, hər iki prosesin mahiyyətində ağır cinayətlərə görə fərdi məsuliyyət prinsipinin təmin edilməsi dayanır:
“Nürnberq Tribunalı İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunal idi. Bakıda keçirilən məhkəmə isə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında aparılmış milli məhkəmə prosesidir. Yəni bu iki məhkəmə hüquqi statusuna görə eyni deyil. Lakin Prezidentin vurğuladığı analogiyanın mahiyyəti ağır cinayətlərin arxasında dayanan şəxslərin müəyyənləşdirilməsi, onların fərdi məsuliyyətə cəlb edilməsi və uzun müddət cəzasız qalmış əməllərə hüquqi qiymət verilməsindən ibarətdir”.
Fuad Abdullayev bildirib ki, Nürnberq Tribunalının əsas prinsiplərindən biri cinayətin siyasi və ya hərbi sistem daxilində törədilməsinin konkret şəxsin məsuliyyətini aradan qaldırmamasıdır.
“Siyasi rəhbər, hərbi vəzifəli şəxs, əmr verən və ya cinayətin təşkilatçısı olan hər kəs öz əməllərinə görə məsuliyyət daşımalıdır. Bakıda keçirilən məhkəmə prosesinin mahiyyəti də məhz budur. Söhbət bütöv bir xalqın kollektiv məsuliyyətindən deyil, konkret şəxslərin konkret əməllərinə hüquqi qiymət verilməsindən gedir”, - deyə o vurğulayıb.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məsələ beynəlxalq hüququn uzun illər ərzində işləməyən icra mexanizmləri ilə bağlıdır:
“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 ilə yaxın işğal altında qalıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə isə uzun illər icra edilməyib. Bu fakt beynəlxalq hüququn əsas problemlərindən birini üzə çıxarırdı. Qərarlar mövcud idi, lakin onların icrasını təmin edən real mexanizmlər işləmirdi.
Bakıda keçirilən məhkəmənin əhəmiyyəti də məhz bundadır. Uzun illər siyasi müstəvidə müzakirə olunan məsələlər artıq hüquqi müstəviyə keçirildi. İşğal dövründə kimin hansı qərarı verdiyi, hansı strukturları yaratdığı, konkret cinayət epizodlarında hansı rolu oynadığı məhkəmə araşdırmasının predmetinə çevrildi”.
Fuad Abdullayevin fikrincə, Nürnberq Tribunalı ilə aparılan müqayisənin digər mühüm tərəfi cəzasızlıq mühitinin aradan qaldırılması ilə bağlıdır.
O bildirib ki, ağır cinayətlərə vaxtında hüquqi və siyasi reaksiyanın verilməməsi gələcəkdə oxşar hadisələrin təkrarlanması üçün təhlükəli presedent yarada bilər:
“Təcavüzkarın cəzasız qalması onun davranışını daha da sərtləşdirə bilər. Əgər işğala, ağır cinayətlərə və etnik təmizləməyə vaxtında hüquqi və siyasi reaksiya verilmirsə, bu, yeni cinayətlərin törədilməsi üçün təhlükəli zəmin yaradır. Məhz buna görə də Bakıda keçirilən məhkəmə prosesinə yalnız keçmiş münaqişənin son epizodu kimi baxmaq düzgün olmazdı. Bu, eyni zamanda gələcək üçün mühüm hüquqi prinsip formalaşdıran prosesdir. Dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı ağır cinayətlər törədildikdə zamanın keçməsi həmin əməllərə görə məsuliyyəti avtomatik olaraq aradan qaldırmır”.
Ekspert Azərbaycanın hərbi qələbədən sonra nümayiş etdirdiyi mövqeyin də xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
“Azərbaycan hərbi qələbədən sonra qisas yolunu seçmədi, əksinə, Ermənistana sülh təklif etdi. Bu yanaşma qisasla hüquqi məsuliyyət arasındakı prinsipial fərqi göstərir. Qisas kollektiv xarakter daşıya bilər, hüquqi məsuliyyət isə konkret şəxs, konkret əməl və konkret sübut əsasında müəyyən edilir”, - deyə Fuad Abdullayev bildirib.
O əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında səsləndirilən əsas mesajlardan biri davamlı sülhün təmin olunması ilə tarixi ədalətin bərpası arasındakı əlaqədir.
“Sülh keçmişi unutmaq demək deyil. Davamlı sülhün təmin olunması üçün bir tərəfdən gələcəyə baxmaq, digər tərəfdən isə törədilmiş ağır cinayətlərə hüquqi qiymət vermək lazımdır. Əks halda cəzasızlıq mühiti gələcəkdə oxşar cinayətlərin təkrarlanması üçün təhlükəli zəmin yarada bilər. Hesab edirəm ki, Prezident İlham Əliyevin bugünkü çıxışının əsas mesajı da məhz bundan ibarətdir”, - deyə Fuad Abdullayev fikrini yekunlaşdırıb.