Paşha Bank
Bank Of Baku

Millət vəkili: Azərbaycançılıq ideologiyası müstəqilliyin və təhlükəsizliyin əsas dayaqlarındandır

Pərvin Kərimzadə

© APA | Pərvin Kərimzadə

# 30 oktyabr 2026 22:25 (UTC +04:00)

“Azərbaycançılıq ideologiyası müstəqilliyin və təhlükəsizliyin əsas dayaqlarındandır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

O bildirib ki, müstəqil Azərbaycanın gücü yalnız iqtisadi potensialı, hərbi qüdrəti və beynəlxalq mövqeləri ilə ölçülmür. Bu gücün arxasında, ilk növbədə, milli birlik, dövlətə sədaqət və cəmiyyəti vahid məqsədlər ətrafında birləşdirən ideoloji əsaslar dayanır.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin dövlət siyasətində bu amillərin qorunması və möhkəmləndirilməsi xüsusi yer tutur. Dövlət başçısının oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı da Azərbaycanın gələcək inkişafı və təhlükəsizliyi baxımından bu məsələyə verilən strateji əhəmiyyəti bir daha nümayiş etdirib.

“Prezident İlham Əliyev çıxışında ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət çəkərək bildirdi ki, “İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir”. Bu fikir müasir dövrdə dövlət təhlükəsizliyinin yalnız hərbi, siyasi və iqtisadi vasitələrlə təmin olunmadığını, milli kimliyin, tarixi yaddaşın və cəmiyyətin mənəvi bütövlüyünün qorunmasının da mühüm əhəmiyyət daşıdığını ifadə edir. Çünki müstəqilliyə təhdidlər artıq yalnız hərbi müdaxilə və ya sərhəd pozuntuları ilə məhdudlaşmır. Milli dəyərlərə, dövlətçilik düşüncəsinə və ictimai birliyə qarşı yönələn ideoloji təsirlər də ciddi risklər yarada bilər. Belə şəraitdə ideoloji təhlükəsizlik dövlətin ümumi milli təhlükəsizlik sisteminin mühüm istiqamətlərindən birinə çevrilir”, - millət vəkili bildirib.

O həmçinin qeyd edib ki, ölkəmiz müstəqilliyinin ilk illərində daxili parçalanmanın, siyasi qarşıdurmanın və dövlətçilik institutlarının zəifliyinin hansı ağır nəticələrə gətirib çıxardığını yaşayıb. Sonrakı mərhələdə milli birliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin bərpası və azərbaycançılıq ideologiyasının cəmiyyətin birləşdirici amilinə çevrilməsi Azərbaycanın güclənməsində mühüm rol oynayıb. Bu baxımdan ideoloji təhlükəsizlik məsələsi təkcə bugünkü çağırışlara cavab deyil, həm də müstəqil dövlətçiliyin qorunması və gələcək nəsillərə ötürülməsi zərurətindən irəli gəlir.

Millət vəkilinin sözlərinə görə, azərbaycançılıq ideologiyası dövlət başçısının siyasətində yalnız milli kimliyin ifadəsi deyil, ölkənin suverenliyini, müstəqilliyini və ictimai həmrəyliyini qoruyan fundamental dəyər kimi çıxış edir. Onun əsas mahiyyəti etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların özünü vahid Azərbaycan dövlətinin ayrılmaz hissəsi hesab etməsi, ümumi Vətən və dövlətçilik maraqları ətrafında birləşməsidir. Bu, milli birliyin yalnız ortaq tarix və mədəniyyət üzərində deyil, həm də ortaq məsuliyyət, vətəndaşlıq mövqeyi və gələcəyə dair ümumi baxış əsasında formalaşmasını nəzərdə tutur.

Pərvin Kərimzadənin fikrincə Burada mühüm məqam ondan ibarətdir ki, multikulturalizm və azərbaycançılıq bir-birini tamamlayan, lakin fərqli funksiyaları olan dəyərlərdir. Multikulturalizm müxtəlifliyi qoruyur, azərbaycançılıq isə həmin müxtəlifliyi vahid milli maraqlar və dövlətçilik ideyası ətrafında birləşdirir. Prezident İlham Əliyevin siyasətində bu prinsiplərin uzlaşdırılması Azərbaycanın özünəməxsus inkişaf modelinin əsas xüsusiyyətlərindəndir. Bu model nə milli kimliyin zəifləməsinə, nə də fərqli mədəniyyətlərin cəmiyyətdən təcrid olunmasına yol verir. Əksinə, hər bir vətəndaşın öz kimliyini qoruyaraq ümumi dövlətə bağlılığını gücləndirməsini nəzərdə tutur. Məhz bu kontekstdə azərbaycançılıq ideologiyasının təhlükəsizlik amili kimi əhəmiyyəti daha aydın görünür. Xarici informasiya və ideoloji təsirlərin intensivləşdiyi, sosial şəbəkələrin ictimai düşüncəyə təsir imkanlarının artdığı bir dövrdə cəmiyyətin vahid dəyərlər sisteminə, sağlam tarixi yaddaşa və dövlətçilik şüuruna malik olması xüsusi əhəmiyyət kəsb edir.

Millət vəkili onu da qeyd edib ki, Vətən müharibəsində əldə edilən tarixi Zəfər bu siyasətin real gücünü və milli həmrəyliyin əhəmiyyətini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək vahid iradə nümayiş etdirdi. “Dəmir yumruq” milli birliyin, siyasi həmrəyliyin və dövlətçilik əzminin rəmzinə çevrildi. Bu birlik Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə imkan verən mühüm amillərdən biri oldu. Zəfərin təcrübəsi göstərdi ki, dövlətin siyasi iradəsi ilə xalqın milli həmrəyliyi və ümumi məqsəd ətrafında səfərbərliyi bir-birini tamamladıqda tarixi hədəflərə nail olmaq mümkün olur.

Pərvin Kərimzadə sözlərinə belə davam edib:

“Lakin milli birliyin əhəmiyyəti yalnız müharibə dövründə nümayiş etdirilən həmrəyliklə məhdudlaşmır. Zəfərdən sonrakı mərhələdə bu birliyin qorunması, ölkənin inkişaf məqsədləri ətrafında daha da möhkəmləndirilməsi strateji vəzifədir. Çünki suverenliyin bərpası dövlətçilik tariximizin mühüm mərhələsini təşkil etsə də, əldə olunan nailiyyətlərin qorunması, gücləndirilməsi və davamlı inkişafın təmin edilməsi yeni məsuliyyətlər yaradır. Bu mərhələdə ideoloji təhlükəsizlik milli həmrəyliyin davamlılığını təmin edən əsas amillərdən biri kimi çıxış edir.

Prezident İlham Əliyevin Forumdakı çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq mövqelərinin gücləndiyi yeni geosiyasi şəraitdə də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan artıq yalnız öz ərazi bütövlüyünü təmin etmiş dövlət kimi deyil, regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasında iştirak edən ölkə kimi çıxış edir. Enerji təhlükəsizliyinə verdiyimiz töhfə, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında iştirakımız, Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Zəngəzur dəhlizinin açılması perspektivi isə Azərbaycanın regional bağlantılar sistemində rolunu artırmaq üçün yeni imkanlar yaradır.

Belə bir şəraitdə beynəlxalq nüfuzun artması ilə milli kimliyin və dövlətçilik şüurunun qorunması bir-birindən ayrılmaz məsələlərə çevrilir. Azərbaycanın dünyaya açıq olması, beynəlxalq əməkdaşlıqda fəal iştirakı və müxtəlif mədəniyyətlər arasında dialoqa verdiyi töhfə milli dəyərlərdən uzaqlaşmaq anlamına gəlmir. Əksinə, öz tarixi köklərinə, milli kimliyinə və dövlətçilik prinsiplərinə söykənən cəmiyyət qlobal proseslərdə daha inamlı iştirak edə bilir. Bu baxımdan Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın beynəlxalq dialoqa açıq olmaqla yanaşı, öz milli maraqlarını və ideoloji əsaslarını qorumaq əzmində olduğunu bir daha ortaya qoydu.

Dövlət başçısının mövqeyinin mahiyyəti də məhz bu yanaşmada ifadə olunur: başqa mədəniyyətlərə hörmət etmək, qlobal dialoqda iştirak etmək milli dəyərlərdən imtina etmək demək deyil. Əksinə, milli kimliyini dərindən dərk edən, tarixi yaddaşını qoruyan və dövlətçilik maraqlarına sadiq olan cəmiyyət beynəlxalq münasibətlərdə öz mövqeyini daha aydın ifadə edə bilir. Azərbaycançılıq ideologiyası bu baxımdan həm daxili birliyin, həm də ölkənin müstəqil inkişaf yolunun ideoloji təminatıdır.

Beləliklə, azərbaycançılıq ideologiyası Azərbaycanın yalnız milli-mənəvi birliyinin deyil, həm də müstəqilliyinin və təhlükəsizliyinin əsas dayaqlarından biridir. Dövlət suverenliyinin qorunması milli şüurun, ictimai həmrəyliyin və dövlətçilik düşüncəsinin möhkəmləndirilməsini də tələb edir. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın qarşısında duran növbəti mühüm vəzifə əldə olunmuş tarixi nailiyyətləri güclü milli birlik, ideoloji dayanıqlılıq və dövlətçilik şüuru ilə gələcək nəsillərə ötürməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR