Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.

Deputat Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlərin ölkəmizin milli birliyi, dövlətçilik fəlsəfəsi və gələcək inkişaf hədəfləri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb: “Dövlət başçısının müraciətini məhz Xankəndidən ünvanlaması Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının, xalqımızın tarixi Zəfərinin rəmzi ifadəsidir. Bu gün Azərbaycan yalnız hərbi-siyasi qələbə qazanmış dövlət deyil, həm də milli birliyini, dövlətçilik ənənələrini və müstəqil inkişaf yolunu daha da möhkəmləndirmiş ölkədir”.
Azərbaycançılıq məfkurəsi milli birliyimizin əsasını təşkil edir
Soltan Məmmədov deyib ki, Azərbaycan dövlətinin gücünün mühüm mənbələrindən biri onun zəngin milli-mənəvi dəyərləri və cəmiyyətdə formalaşmış həmrəylik mühitidir: “Azərbaycanda müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin vahid ailə kimi yaşaması, ölkənin ictimai-siyasi həyatında bərabər iştirak etməsi Azərbaycançılıq məfkurəsinin real təzahürüdür. Azərbaycançılıq ideologiyası yalnız milli kimliyi ifadə edən anlayış deyil, eyni zamanda ölkənin gələcəyini, dövlətçilik maraqlarını və cəmiyyətin birliyini müəyyənləşdirən fundamental ideoloji dayaqlardan biridir. Bu məfkurənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın mürəkkəb siyasi, hərbi, iqtisadi və humanitar sınaqlardan çıxaraq sabit inkişaf yoluna qədəm qoymasında həlledici rol oynayıb.
Ulu Öndər müxtəlif sosial, etnik və dini qrupları vahid dövlətçilik ideyası ətrafında birləşdirərək xalqın milli iradəsini gücləndirib. Bu gün həmin siyasi və ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Vətən müharibəsində nümayiş etdirilən xalq-ordu birliyi, cəmiyyətin bütün təbəqələrinin Qələbə naminə səfərbər olması Azərbaycançılıq məfkurəsinin nə qədər güclü və həyati əhəmiyyətli olduğunu bir daha təsdiqlədi”.

Güclü Azərbaycan gələcəyin əsas təminatıdır
Deputat bildirib ki, Zəfər Günü münasibətilə Prezidentin müraciətində səsləndirilən mesajlar Azərbaycanın gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoyur: “Hazırda ölkəmiz siyasi, iqtisadi və hərbi baxımdan tam müstəqil, öz milli maraqlarını sərbəst şəkildə müəyyənləşdirən və həyata keçirən dövlətdir. Azərbaycanın qarşısında duran əsas strateji hədəf əldə edilmiş nailiyyətləri qorumaqla yanaşı, dövlətin gücünü daha da artırmaqdır. Ölkəmiz elə siyasi, iqtisadi, hərbi və texnoloji potensiala malik olmalıdır ki, heç bir qüvvə Azərbaycana qarşı təzyiq göstərmək və onun milli maraqlarına zərər vurmaq barədə düşünə bilməsin. Eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalmalıdır. Azərbaycanın Zəfəri xalqımızın yalnız keçmişinə deyil, həm də gələcəyinə inamını gücləndirib. Bu gün əsas vəzifə həmin tarixi nailiyyəti davamlı inkişaf, güclü dövlətçilik və milli həmrəylik modeli ilə möhkəmləndirməkdir. Azərbaycançılıq məfkurəsi isə bu yolda cəmiyyətimizi birləşdirən, dövlətimizin müstəqilliyini və gələcək hədəflərini qoruyan əsas ideoloji sütun olaraq qalacaq”.