Bakı. Ramil Məmmədli – APA. ATƏT-in Bakı ofisi, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi “Sahibkarlar və bank münasibətləri” mövzusunda konfrans keçirib.
APA-nın məlumatın görə, konfransda ictimai birliyin sədri, hüquq elmləri namizədi İradə Cavadova Azərbaycanda bu sahədə mövcud vəziyyət, yaranan problemlərin hüquqi aspektləri mövzusunda danışıb. İ. Cavadova deyib ki, hər iki qurumun təşəbbüsü ilə “Kiçik və orta sahibkarlar üçün hüquqi məsləhət mərkəzləri” layihəsi çərçivəsində sahibkarlara bu istiqamətdə maarifləndirici məsləhətlər verilib.
Milli Məclisin deputatı Əli Məsimli isə çıxışında sahibkarlar və bank faiz münasibətlərinə toxunub. Azərbaycanda kredit alanların hüquqi müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilən fəaliyyətlərə dair araşdırmalarını təqdim edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Tomas Melzer təmsil etdiyi ölkədə bununla bağlı vəziyyət haqda da məlumat verib. Həmçinin, bank sektorunun qarşılaşdığı problemlər haqqında da danışıb.
Konfransda İqtisadi Təşəbbüslər Yardım İctimai Birliyinin, Sahibkarlığa Kömək Milli Fondunun, o cümlədən sahibkarların fikirləri də açıqlanıb.
Tədbirdə sahibkarlar üçün nəzərdə tutulan məlumatlandırıcı kitab və açıqcaların da təqdimatı olub.