Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, “Dövlət qulluqçuları və digər vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması haqqında” qanun layihəsidir.
Yeni qanun hazırkı qanunvericilikdə qadağalar olmasına baxmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxslər ilə bağlı problemləri tənzimləyəcək. Eyni adlı qanun dünyanın bir çox inkişaf etmiş ölkələrində var və Azərbaycanda da bu sənədin hazırlanmasında həmin ölkələrin təcrübələrinə istinad olunur. Layihənin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Məsələyə münasibət bildirən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov bildirib ki, belə bir qanun Azərbaycanda çoxdan hazırlanmalı idi və təəssüf ki, indiyə qədər hazırlanmayıb: “2007-ci ildə Azərbaycan prezidenti xüsusi sərəncamla “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı Milli Strategiyanın tətbiq olunması haqqında Fəaliyyət Planı”nı təsdiq elədi. Burada dövlət başçısı tapşırır ki, dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasına yol verməmək üçün ayrıca qanun işləyib hazırlamaq lazımdır. Amma təəssüf ki, indiyə qədər belə bir qanunun hazırlanması üçün qanunvericilik təşəbbüsü ilə çıxış etməmişik”.
Deputat qeyd edib ki, qanun müzakirə olunaraq qəbul edildikdən sonra “biznesinə “krışa”lıq edən məmurlar” söhbətinə birdəfəlik son qoyulacaq”. Deputat qanunun mahiyyətini belə şərh edib: “Tutaq ki, biznesi olan biri dövlət qulluğunda vəzifə tutur, yaxud deputat seçilir, sonra da buna qadağa qoyan qanunun yanından ötür. Yəni biznesini dərhal hansısa qohumunun, yaxud yaxın adamının adına rəsmiləşdirir, amma yenə də təbii olaraq biznes onun özünə aid olur. Eyni zamanda hər hansı bir şirkəti olanı gətirib dövlət səviyyəsində bir tenderə rəhbər təyin edirlər və təbii ki, o, öz vəzifəsindən istifadə edərək tenderdən öz şirkətinin xeyri üçün istifadə edə bilər. Bir çox ölkələrdə qeyd etdiyimiz qanun var və dediyim məsələlər də bu qanunla tənzimlənir. Bu şəxsləri son günlər deyildiyi kimi cinayət məsuliyyətinə cəlb eləmək yox, yaranmış ziddiyyəti qeyd olunan qanunla tənzimləmək lazımdır. İndiki qanunvericilikdə yazılır ki, vəzifəli şəxslər (məmur, deputat və sair) elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla heç bir haqqı ödənilən fəaliyyət növü ilə, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Amma yeni qanunda vəzifəyə gələn şəxs biznesindən uzaqlaşmayacaq. Yeni qanun həmin biznesin idarəçiliyini sahibkarlıq hüququnu saxlamaqla başqa birinə verməyə imkan yaradır. Eyni zamanda bu, biznes idarəçiliyi üzərində ictimai nəzarəti, KİV nəzarətini elə gücləndirəcək ki, sahibkar olan vəzifəli şəxs öz vəzifəsindən biznesi üçün istifadə edərək maraqların toqquşmasına rəvac verə bilməyəcək”.