Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.
AzMİU-dan APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin universitetin həyətində qoyulmuş büstünün önünə əklil qoyub, onun xatirəsini yad ediblər.
AzMİU rektoru, professor Gülçöhrə Məmmədova bu günü xalqın tarixinə yazan H. Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərindən danışıb.
Rektor bildirib ki, 24 il əvvəl xalqın tələbi ilə H. Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarıb. Onun sözlərinə görə, H. Əliyevin şəxsiyyəti, özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoyub və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlanıb: “Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi”.
Tədbirdə iştirak edən millət vəkili, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə ötən əsrin 90-cı illərinin əvvəllərinə tarixi ekskurs edərək Azərbaycanda H. Əliyevin hakimiyyətə qayıdışını zəruri edən hadisələrdən danışıb. O qeyd edib ki, Azərbaycanda müəyyən qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsini istəməsələr də, xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar edib: “Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas olub. Ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirib”.
Tədbirdə digər çıxış edənlər H. Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanda gedən inkişaf proseslərindən danışıblar, onun genişmiqyaslı tikinti-quruculuq işlərində, habelə meliorasiya və su təsərrüfatının inkişafında rolundan bəhs ediblər.