Bakı – APA. Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu, müstəqil dövlətimizin qurulduğunu, 1991-ci ilin 18 oktyabrında yenidən əldə etdiyimiz müstəqilliyin bu mübarizələrin məntiqi nəticəsi kimi tarixə düşdüyünü deyib.
O, Heydər Əliyevin Azərbaycan xalqının tarixinə müstəqilliyin memarı və qurucusu kimi daxil olduğunu, onun zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan qayğısı nəticəsində müstəqillik tarixinin əbədiləşdiyini qeyd edib.
Prezident İlham Əliyevin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirdiyi fikirlərə toxunan rektor bu illər ərzində ölkəmizin bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atmasından, Azərbaycanın dünyanın aparıcı ölkələrindən birinə çevrilməsindən bəhs edib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı isə bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib: “Bu gün prezident İlham Əliyevin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək”.
Tədbir müstəqilliyin şərəfli yollarını əks etdirən filmin nümayişi ilə başa çatıb.