Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında “Rayonda ideoloji işin təşkili vəziyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər”ə həsr olunmuş Şura iclası keçirilib.
Binəqədi Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
X. İsgəndərov bildirib ki, qloballaşan dünyanın tələblərinə cavab verən ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlərin nəticəsi olaraq yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə ətraflı müzakirələr aparılmalı, konkret işlər görülməlidir.
Sonra “Rayonun ictimai-siyasi vəziyyətinin təhlili və qarşıda duran vəzifələr” mövzusunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Hüquq-mühafizə orqanları ilə koordinasiya işinin gücləndirilməsi” mövzusunda şöbə müdiri Yunis Hüseynov, “Sosial-iqtisadi islahatların nəticələrinin və sahibkarlığın təşviqi” mövzusunda şöbə müdiri Yəhya Əliyev, “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları arasında koordinasiyanın gücləndirilməsi və icra inzibatçılığının təkmilləşdirilməsi” mövzusunda şöbə müdiri Ramiz Göyüşov, “Vətəndaşların müraciətlərinə baxılarkən ideoloji işin təşviqi” mövzusunda və “Binəqədi rayonunda ideoloji işin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı” layihəsinin təqdimatı ilə şöbə müdiri Elnur İmanov çıxış ediblər.
Çıxışlardan sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov Şura iclasının qərar layihəsini oxuyub.
Müşavirəyə yekun vuran X. İsgəndərov bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, ölkə prezidentinin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilib. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. O qeyd edib ki, rayon icra hakimiyyətləri tərəfindən yerli resurs və imkanlardan istifadə edilərək ölkədə keçirilən islahatların mahiyyətinin əhaliyə daha dolğun çatdırılması üçün imkanlar daxilində müəyyən işlər görülür. Onun sözlərinə görə, bu işlərin daha sistemli, planlı və kompleks şəkildə, dövrün tələblərinə uyğun həyata keçirilməsinə zərurət yaranıb.
Sonda bu mövzuya həsr olunmuş, əvvəlcədən hazırlanmış iş planı müəssisə rəhbərlərinə gündəlik fəaliyyətlərində istifadə olunmaq üçün tövsiyə edilib.