Bu addımımı dəstəkləyənlərlə yanaşı sosial şəbəkələrdə bu addımımı, pisləyənlər, təhqir edənlər də kifayət qədərdir. Əleyhdarlarım isə kifayət qədər rəngarəngdir”.
APA-nın məlumatına görə, bunu “facebook”dakı şəxsi səhifəsində Azadlıq Partiyasının sədri, prezidentliyə namizədliyini irəli sürmüş Əhməd Oruc yazıb.
O bildirib ki, əleyhdarları arasında vaxtilə eyni düşərgədə olan, AXCP və Müsavat Partiyasının üzvləri də az deyil: “Mən 1992-də Elçibəyi müdafiə etmişəm, 2003-də İsa Qəmbəri, 2008-də Mirmahmud ağanı. Müdafiə etdiklərim etimadı doğrultsaydı, biz bu gündə olardıqmı? Əslində, adını çəkdiklərim və onların yanındakıların məni müdafiəsi bir əxlaq borcudur, mənəviyyat məsələsidir... Və mənim əməllərimdə kimsə layiqsiz nəsə bilirsə, zatən buyurub söyləsin! Hər gün məğlub olan və ordunun sağ qalan komandanına "Sən bu işi bacarmadın, çəkil, daha üstününə şans tanı" söyləməyi yalnız heç nədən çəkinməyənlər söyləyir, mən söylədim və doğru etdim!”.
Ə. Oruc statusunda siyasi fəaliyyəti dövründə bir çox məsələnin dəyişdiyini vurğulayaraq, bəzi siyasətçiləri tənqid də edib: “Hərdən fikirləşirəm, biz ki, bir yerdə idik, nə dəyişdi? Sonra görürəm ki, bu illər ərzində çox şey dəyişib... Dünənki milli demokratlar, türkçülər bu gün xilas yolunu millətdə deyil, superdövlətlərin səfirliklərində görür, ifrat liberal dəyərlərin daşıyıcısıdırlar, cinsi azlıqlarla əməkdaşdırlar, bir sıradadırlar, onları müdafiə edirlər. İnsan haqları adı altında fahişə və fahişəliyi müdafiə edirlər, 20 yanvarın, Xocalının üstündən keçib Rusiya projesi ilə hakimiyyətə gəlmək istəyirlər, Azərbaycanı diz üstə qoyub yenidən zəbt etmək istəyən Putinə açıq-aşkar işbirliyi məktubu göndərirlər.... Məndən başqa, buna qarşı çıxan başqa kimsə varmı?
Və hər dəfə də mənim inəklərimi gündəmə gətirirlər. Bu dünyada inəyə müqəddəs baxan milyardlarla insan var. İnanmıram ki, bu cür adını gizlədib əxlaqlı, imanlı, halal adamlara çamur atanları nəinki müqəddəs bilən, sadəcə adam sayan biri tapılsın. Bizim yolumuz müqəddəs yoldur, iman yoludur, əxlaq yoludur, əqidə yoludur və inşallah uca tanrı bizi bu yolda sona qədər gedənlərdən edər!”