Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın hakim partiyası Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinə münasibət bildirib. APA-nın məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, YAP səfəri yüksək qiymətləndirir.
O qeyd edib ki, Rusiya Azərbaycanın böyük qonşusudur: “İki ölkə arasında böyük əlaqələr mövcuddur, iqtisadi, siyasi, humanitar və sair əlaqələr getdikcə inkişaf edir. Bütün bunların hamısı ondan xəbər verir ki, Rusiya və Azərbaycan arasında əlaqələr normal olmalıdır və biz məmnunluq hissi ilə qeyd etmək istəyirik ki, bu əlaqələr elə normal da inkişaf edir. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə hər iki tərəf səy göstərirlər. Hesab edirik ki, Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf etməsi bütövlükdə hər iki dövlətin və hər iki xalqın mənafeyinə uyğundur. Aparılan danışıqlar, imzalanan sənədlər gələcəkdə iki dövlət arasında iqtisadi, siyasi və digər sahədə münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün etibarlı hüquqi baza yaratdı. Bu baza əsasında da münasibətlərimiz davam edəcək”.