Bakı-APA. Ermənistanın Sevan şəhəri yaxınlığındakı Qaqarin kəndində “ArmRosqosrezerv” dövlət ehtiyatlarının Rusiya-Ermənistan infrastrukturu yaradılacaq. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan bildirib. Onun sözlərinə görə, Qafqaz ərazi mərkəzində Rusiya Dövlət Ehtiyatları saxlanılacaq.
Dövlət Ehtiyatlarının ərazi mərkəzində texnikadan tutmuş ərzaq mallarınadək müxtəlif kateqoriyalı ehtiyatlar saxlanılacaq. Ermənistan mərkəzin istismarı və idarəetməsində iştirak edəcək, ehtiyatlar isə respublikanın müəssisələri hesabına təmin ediləcək. Ərzaq mallarının saxlama müddəti sona çatmağa az qalmış onlar aşağı qiymətlərlə Ermənistan ərazisində satışa çıxarılacaq.
Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi hesab edir ki, bu layihə yeni iş yerlərinin yaradılmasına və yerli istehsalçını dəstəkləməyə imkan yaracaq.
Bundan başqa İrəvan yaxınlığında Balaovit kəndində FHN-in Humanitar Mərkəzini yaratmaq planlaşdırılır. Qeyd olunan Humanitar Mərkəzə Rusiya və Ermənistan 60 mln. dollar vəsait yatırmağa planlaşdırır. Təbii fəlakətlər zamanı Humanitar Mərkəz bölgə əhalisinə vaxtında yardım göstərməyə imkan yaradacaq.