Bakı. Etibar Məmmədov - APA. “AXCP-dən də istefa verib, Müsavata keçənlər var. Lakin biz bunu xüsusi olaraq qabartmağa ehtiyac duymuruq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.
Qeyd edək ki, “Azadlıq” qəzetinin yaydığı məlumata görə, Müsavat Partiyasının Suraxanı rayon təşkilatının qurucularından olan Rəhim Mahmudov “Azadlıq” qəzetinin redaksiyasına gələrək, ailəlikcə Müsavatdan istefa verdiklərini və mübarizəni AXCP sıralarında, Milli Şura çətiri altında aparacaqlarını bildirib. O, Müsavatın Milli Şuradan çıxmasına etiraz əlaməti olaraq bu addımı atıb.
G.Aslanlı isə bildirib ki, həmin şəxs 2003-cü il prezident seçkiləri zamanı müraciət edərək partiyaya daxil olub, lakin sonradan fəaliyyət göstərmədiyi üçün partiyadan çıxarılıb: “Onun atası əlil bir şəxsdir və atası da partiyaya qəbul edilib. 2003-cü ildən sonra isə bu adamların partiya ilə heç bir əlaqəsi olmadığına görə onlar partiyadan çıxarılmış hesab ediliblər. Eyni zamanda bu adamı içkiyə qurşanmış kimi təqdim edirlər. Ona görə də bu adamın Müsavatdan getməsini bizim keçmiş müttəfiq partiya özü üçün uğur hesab edirsə, biz də ona uğur arzu edirik”.
G.Aslanlı qeyd edib ki, heç bir fəaliyyəti olmayan sıravi üzvlərin partiyadan istefasını bu qədər böyütmək cılızlıq əlamətidir: “İstənilən vaxt hər hansı partiyadan əsaslı və ya əsassız şəkildə gedənlər, gələnlər olur. Yaxud partiyadan 10 il bundan qabaq çıxarılmış adamlar olur, lakin təzəlikcə çıxarıldıqlarını bildirirlər. Belə bir məsələnin qəzetdə yayılması bir qədər cılız hisslərə sahib olmanın göstəricisidir. O qədər də məşhur olmayan, tanınmayan bir adamın bir partiyadan digərinə keçməsini bu cür yaymaq və xüsusi önəm vermək zəiflik əlamətidir”.