APA-nın verdiyi məlumata görə, kompleksin ərazisində ikimərtəbəli beş kottec və süni ot ürtüklü futbol stadionu tikilib. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilib.
Olimpiya İdman Kompleksi ilə tanış olduqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı Qaxa səfəri çərçivəsində həmçinin Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, Mərkəzin inşasına 2011-ci ilin noyabrında başlanılıb. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünüb. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülmüş, xüsusi ekranlar və tablolarla Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fraqmentlərlə işıqlandırılıb. Zalın bir hissəsi 8 qatlı xüsusi elektron pərdə ilə kəsilərək kinozala çevrilib.
Prezident İlham Əliyev Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin istifadəyə verilməsi mərasimində də iştirak edib. Diqqətə çatdırılıb ki, Qax şəhərində ilk dəfə kanalizasiya sistemi yaradılır. Bu məqsədlə 17 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib, 89,5 kilometrlik kanalizasiya şəbəkəsinin 35 kilometrlik hissəsində işlər başa çatdırılıb. “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Qax şəhərində 14 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin, Qaxbaş və Qaxingiloy kəndlərində isə 7,5 min nəfərin içməli su təchizatının yaxşılaşmasına hesablanıb.
Prezident İlham Əliyev həmçinin Qaxda “El Resort” otelinin Konfrans Mərkəzinin açılışında iştirak edib.