Lənkəran. Ağəddin Babayev – APA. Oktyabrın 9-da keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı bu gün Lənkərandakı Dairə seçki komissiyaları üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üç günlük ixtisaslaşdırılmış kurslara start verilib. APA-nın cənub bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən kurslarda ölkə prezidentinin “Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planının təsdiq edilməsi haqqında” sərəncamı əsasında baş tutan təlimin ilk günündə “Seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə orqanlarının rolu”, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçki siyahıları ilə iş qaydası” mövzularında məruzələr dinlənilib.
Məruzələrdə qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədi ilə təşkil olunmuş bu kursları Avropanın bir hissəsi olan Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Seçki prosesində mənfi hallara qarşı mümkün olan bütün işlərin görülməsinin vacibliyi xüsusi olaraq qeyd edilib. Müşavirədə MSK-nın təmsilçiləri dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətiriblər.
Qeyd edək ki, təlimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının məsul işçiləri, DSK sədrləri və ziyalılar iştirak ediblər.