Mehriban Vəzir: “Milli Şura yarımçıq birlikdir”

Mehriban Vəzir: “Milli Şura yarımçıq birlikdir”
# 03 mart 2014 12:20 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Məni maraqlandıran odur ki, hazırda pozulmuş münasibətlər çərçivəsində 2015-ci il parlament seçkilərinə gedən demokratların taleyi necə olacaq? İndi Milli Şura yox, daha çox bu sual ətrafında düşünmək lazımdır”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü Mehriban Vəzir qurumdakı istefalara və yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

M.Vəzir bildirib ki, Milli Şurada yaranmış hazırkı vəziyyət seçkidən sonrakı məyusluqla, qurumda toplanan insanların ümidlərinin boşa çıxması ilə bağlıdır. Onun sözlərinə görə, Milli Şura seçkidən sonrakı fəaliyyət istiqaməti barədə düzgün qərarlar verməyib: “Milli Şura bir çox istiqamətlər üzrə təhlillər aparıb qərar verməli, fəaliyyət istiqamətini müəyyənləşdirməli idi. Təəssüflər olsun ki, bu baş vermədi. Seçkidən sonra qurum üzvləri arasında daha çox atmacalar, söz atışmaları oldu. Məsələ ondadır ki, Azərbaycanda adətən seçki ərəfəsində demokratik qüvvələrin birləşməsi baş verir, amma təcrübə göstərir ki, hər dəfə bu proseslərin sonluğu müsbət bitmir. Seçkiyə görə birləşmiş qurumun seçkidən sonra siyasəti dəyişməlidir və təşkilatlar dəyişmiş siyasətdə iştirakla bağlı qərar verməlidirlər. Bu qərarlar isə quruma daxil olan hər bir təşkilat tərəfindən anlayışla qarşılanmalıdır. Amma təəssüf ki, bizdə bundan sonra lazımsız ittihamlar başlayır”.

M.Vəzir hesab edir ki, prezident seçkilərindən sonra Milli Şuranı birlik kimi saxlamağa ehtiyac yox idi: “Milli Şura seçkiyə hesablanmış qurum idi. Seçki başa çatdıqdan sonra Milli Şura özünün yeni mərhələdəki fəaliyyət istiqamətini müəyyənləşdirməli, beynəlxalq təşkilatlarla işləməli idi. Bundan ötrü də böyük birliyin saxlanmasına ehtiyac yox idi. Əslində Milli Şura bir institut kimi fəaliyyət göstərə bilərdi. Çünki istər-istəməz bu qurum artıq hərəkatlılıqdan çıxır”.

M.Vəzir Müsavat Partiyasının Milli Şuradan çıxmasının qurumun fəaliyyətinə mənfi təsir etdiyini vurğulayıb: “İstər-istəməz görünür ki, müxalifətin qeyd-şərtsiz dayaqları var. Bu dayaqlardan biri olmayanda, artıq vəziyyət səmərəli olmur. Müsavat Partiyasının da Milli Şurada və ya hər hansı birlikdə olmaması vəziyyəti dəyişir və bu, artıq yarımçıq birlik olur. Ona görə də bu gün işimizdə bir yarımçıqlıq var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR