Bakı. Ramil Məmmədli - APA. Milli Şuranın sessiyasının keçiriləcəyi tarixdə yenə dəyişiklik edilib.
Bunu APA-ya Milli Şuranın üzvü, “El” Hərəkatının İdarə Heyətinin sədr müavini Zəfər Quliyev deyib.
O bildirib ki, Milli Şurasının növbəti sessiyası avqustun 12-də Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək.
Sessiyanın keçirilməsində yaranan problemə aydınlıq gətirən Z. Quliyev deyib ki, bu, məsləhətləşmələrin hələ davam etməsi ilə bağlıdır: “Avqustun 12-dək bir sıra məsələlər, o cümlədən də müzakirəsi zəruri olan məqamlara aydınlıq gətiriləcək”.
Qeyd edək ki, bundan əvvəl sessiyanın avqustun 10-da, daha sonra isə 7-də keçiriləcəyi ilə bağlı məlumat verilmişdi.
***
saat 13:13
Bakı. Ramil Məmmədli - APA. Milli Şuranın sessiyasının keçiriləcəyi tarix dəyişdirilib. Bunu APA-ya Milli Şuranın üzvü, “El” Hərəkatının İdarə Heyətinin sədr müavini Zəfər Quliyev deyib.
Z.Quliyev bildirib ki, sessiya avqustun 7-də keçiriləcək. Yığıncağın gündəliyinə təşkilati məsələlərin müzakirəsi salınıb: “Sessiyanın növbədənkənar olması haqda yayılan informasiyalar həqiqətə uyğun deyil, hətta deyərdim ki, Milli Şuranın sessiyasının keçirilməsi bir qədər gecikib”.
O, sessiyanın gündəliyinə salınmasa da, seçki mühiti və buna hazırlıqla bağlı vəziyyətin müzakirə olunacağını istisna etməyib: “Sessiyada Seçki Qərargahının sədri Eldar Namazovun hesabatı da dinləniləcək. Sessiyanın keçiriləcəyi yer və vaxtı ilə bağlı isə konkret qərar verilməyib. Yəqin ki, sessiya Klassik Xalq Cəbhəsi Partiyasının, yaxud Açıq Cəmiyyət Partiyasının qərargahında keçiriləcək”.
Sessiyanın qapalı keçiriləcəyini də deyən Z.Quliyev sonda brifinqin olacağını da qeyd edib.