Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.
Parlamentdən APA-ya verilən məlumata görə, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, 2016-cı ilin yaz və növbədənkənar sessiyalarında komitədə 9 qanun layihəsinə baxılıb, onlardan 7-si Milli Məclisdə qəbul edilib. Qalan 2 qanun layihəsi isə payız sessiyasında müzakirəyə çıxarılacaq. O qeyd edib ki, bugünkü iclasın gündəliyinə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanununda və Mülki Prosessual Məcəllədə dəyişikliklər daxildir. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə” və “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi” adlı iki yeni maddənin əlavə olunması təklif edilir. Bu əlavələrin edilməsi BMT-nin Korrupsiya əleyhinə beynəlxalq Konvensiyasının tələblərindən irəli gəlir. Mülki Prosessual Məcəlləyə isə terrorçuluğun maliyyəşədirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə 305.1.14-cü maddənin əlavə olunması təklif edilir. Çıxış edən komitə üzvləri hər iki qanuna təklif olunan dəyişiklikləri yüksək qiymətləndiriblər. Bildirilib ki, bu dəyişikliklər korrupsiyanın və terrorçuluğun qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.