Cəlilabad. Ağəddin Babayev – APA. Ombudsmanın Cəlilabd Regional Mərkəzi Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı Salyan şəhər 1 saylı məktəb-liseydə, Cəlilabad rayonunun Privolnoye kənd 1 saylı orta məktəbində, Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Xocalı soyqırımı-bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayətdir” mövzusunda tədbir keçirib. APA-nın cənub bürosunun məlumatına görə, həmin tədbirlərdə çıxış edən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni qəsbkarlarının davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulmaqla, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etdirilib. Xocalı soyqırımının aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi dəyərləndirən natiq XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu, əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığını qeyd edib.
Silsilə tədbirlərdə Z.İsmayılov bildirib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova tərəfindən hər il Xocalı soyqırımının ildönümü ərəfəsində nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına Bəyanat ünvanlanaraq, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnmiş bu qanlı faciəni törədənlərin cəzalandırılması və hadisəyə hüquqi qiymət verilməsi tələb edilir.
Bütün tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Bəyanatı oxunub.
Qeyd edək ki, Ombudsmanın Cəlilabd Regional Mərkəzinin Xocalı soyqırımının iyirmi ikinci ildönümü ilə bağlı silsilə tədbirləri bundan sonra da davam etdiriləcək.