Bakı-APA. “Azərbaycanda səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə 2016-cı ildə əlavə olaraq 83 milyon manat ayrılıb. İndi həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Nazir qeyd edib ki, vaxtilə ölkədə yeganə dövlət dializ mərkəzində cəmi 431 xəstə müalicə alırdı, 800 nəfər xəstə növbə gözləyirdi: “Bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə alır. Mərkəzlərdən üçü məhz bu il istifadəyə verilib, daha biri də ilin sonunadək açılacaq. Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Qeyd etmək lazımdır ki, təkcə şəkərli diabet xəstələri deyil, böyük maliyyə vəsaiti tələb edən hemofiliya, dağınıq skleroz, onkoloji və digər xəstələrin dərman təminatını da dövlət öz üzərinə götürüb.Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi bu gün həmin xəstələrin müalicəsini tam həcmdə həyata keçirir, onları lazımi dərman və qan preparatları ilə təmin edir”.
Nazir bildirib ki, artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub: “Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. 35 uşağa sümük iliyi köçürülüb və ilin sonunadək daha 15 nəfərin əməliyyat olunması planlaşdırılır”.
“İrsi qan xəstəliklərinin qarşısını almaq məqsədilə nikaha daxil olanların tibbi müayinəsi də böyük əhəmiyyət daşıyır. Bu ilin 9 ayı ərzində 113 min nəfər müayinədən keçib, 3587 talassemiya daşıyıcısı aşkarlanıb. Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə yanaşı, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün “ASAN xidmət” mərkəzlərində həyata keçirilib”, deyə O.Şirəliyev qeyd edib.
Nazir bildirib ki, bu il də ölkənin bütün şəhər və rayonları üzrə 5 milyon 373 min nəfər səhiyyə müəssisələrində tam müayinə olunub: «Müxtəlif xəstəliklər aşkarlanan 650 mindən çox insan ambulator, 42 min 800 nəfər stasionar müalicəyə cəlb edilib.
O.Şirəliyev bildirib ki, bu il ölkənin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib: “Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir. Ölkəmizə xarici qonaqların, turistlərin axınını nəzərə alsaq, JCI sertifikatlı səhiyyə müəssisələrinin olması beynəlxalq sığorta şirkətləri üçün çox vacib amildir”.