Bank Of Baku

Prezident sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinə dair qanun layihəsini Milli Məclisə təqdim edib

Prezident sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinə dair qanun layihəsini Milli Məclisə təqdim edib
# 15 fevral 2013 13:36 (UTC +04:00)

 

 Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

 

Hal-hazırda Azərbaycanda təxminən 35 yoxlayıcı orqan mövcuddur. Həmin orqanlar tərəfindən aparılan yoxlamaların qaydaları bir çox hallarda Nazirlər Kabineti tərəfindən, digər hallarda özləri tərəfindən müəyyən edilir. Bəzi hallarda isə bu cür qaydalar ümumiyyətlə mövcud deyil.

 

Adı çəkilən qanun layihəsinin əsas məqsədi sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarının müəyyən edilməsindən və həmin yoxlamaların aparılması zamanı sahibkarların onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qanun layihəsində nəzərdə tutulub ki, bu qanunun tələblərinə uyğun olmayan aparılan yoxlamanın  heç bir hüquqi qüvvəsi yoxdur.

 

Layihə yoxlamaların məqsəd və prinsiplərini müəyyən edir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir.

 

Azərbaycan prezidentinin fərmanı ilə yaradılmış yoxlamaların vahid məlumat reyestri Azərbaycanda 2011-ci ilin may ayından fəaliyyət göstərsə də qanun səviyyəsində bu reyestrin hüquqi əsasları müəyyən edilməyib. Yeni qanun layihəsi yoxlamaların vahid məlumat reyestri ilə bağlı bir sıra məsələləri tənzimləməklə  həmin reyestrin qanuni əsaslarını müəyyən edir.

 

Yoxlamalar zamanı sahibkarlıq subyektlərinin risk qrupları üzrə bölünməsi nəzərdə tutulur. Müəyyən müddət ərzində qanun pozuntularına yol verməyən sahibkarlar aşağı risk qrupuna keçirilir və bu da yoxlamaların yalnız arabir aparılmasına təsir edir. Eyni zamanda, yoxlayıcı orqanların siyahısının müəyyən edilməsi və təsdiq edilməsi nəzərdə tutulur. Bunun məqsədi icra hakimiyyətləri orqanları tərəfindən özləri üçün yoxlama funksiyalarının təkbaşına müəyyən edilməsinin qarşısının alınmasıdır.

 

Ümumiyyətlə, gələcək məqsəd yoxlayıcı orqanların sayının kəskin şəkildə aşağı salınmasından ibarətdir. Ümumən qəbul edilmiş dünya praktikasına görə hər bir dövlətdə yoxlamalarla məşğul olan cəmi iki-üç orqan mövcuddur və bu da yoxlamaların iki qrupa bölünməsindən  – qida məhsullarının və qeyri-qida məhsullarının yoxlanılması – irəli gəlir.

 

 Hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməsi olan sualların siyahısı dərc edilməlidir. Bu da sahibkarlar tərəfindən onlarla əvvəlcə tanış olmağa şərait yaradacaqdır. Hər bir yoxlayıcı orqanda qaynar telefon xətti müəyyən ediləcəkdir. Həmin telefon xətti ilə sahibkarlar onları maraqlandıran suallara cavab ala biləcəklər və həmin cavablar üç ay müddətində elektron daşıyıcılarda saxlanılacaqdır. Sahibkarın istəyi ilə hamin cavablar ona təqdim ediləcək və sahibkar ona verilən məsləhətlərə uyğun hərəkət edərsə, o məsuliyyətə cəlb edilə bilməz. Belə bir yeni qaydanın vergi yoxlamalarına da şamil edilməsi nəzərdə tutulur.

 

Sahibkarlar üçün yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etmələri imkanları nəzərdə tutulmuşdur. Bunun məqsədi sahibkar tərəfindən gələcək qanun pozuntularından sığortalanmaqdır.

 

Yoxlayıcı orqanlar tərəfindən bir-birilərinin səlahiyyətlərinin təkrarlanmasına  və eyni predmet üzrə paralel yoxlamaların aparılmasına qadağa qoyulur.

 

Qanun layihəsinin böyük bir hissəsi yoxlamalar zamanı götürülən nümunələrin ekspertizasının tənzimlənməsinə həsr edilib. İndiki praktikadan fərqli olaraq müəyyən edilir ki, bü cür ekspertizalar yalnız müstəqil laboratoriyalarda keçirilə bilər.

 

Hazırda məhsul nümunələrinin götürülməsi və təhqiqi ilə bağlı kifayət qədər normativ tənzimlənmənin mövcud olmadığına görə həm yoxlayıcı orqanlar, həm də sahibkarlar üçün müəyyən çətinliklər mövcud idi ki, bu da bir çox hallarda sahibkarların hüquqlarının pozulmasına gətirib çıxarıb.

 

Aparılan yoxlamaların kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada, sahibkarın günahı təsdiq edilmədikdən əvvəl işıqlandırılmasına qadağa qoyulur. Ona görə ki, bu cür praktika sahibkarların işgüzar nüfuzuna kifayət qədər ağır zərbə vurur.

 

Layihədə yoxlamaların plan üzrə və plandankənar formaları nəzərdə tutulur. Bu zaman plandankənar yoxlamaların əsasları detallaşdırılıb ki, bu da belə növ yoxlamaların sayının azaldılmasına xidmət edir.

 

Layihədə aparılan bütün yoxlamalar üçün hazırkından fərqli olaraq daha qısa müddətlər - iri sahibkar üçün on iş günü, orta və kiçik sahibkarlar üçün isə beş iş günü nəzərdə tutur. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimallaşmasına yönəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR