Bakı – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda partiyanın seçkilərə hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.
Müzakirələr nəticəsində BAXCP sədrinin Seçki Qərargahının yaradılması və İdarə Heyətinin tam tərkibdə qərargaha üzv olması barədə qərar qəbul olunub. Daha sonra İdarə Heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılıb.
BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycan vətəndaşlarının səsvermədə iştirak etmələri üçün bütün mümkün hüquqi vasitələrdən istifadə edilməlidir. BAXCP sədri seçkilərin 1 həftə əvvələ çəkilməsinin səbəblərindən birinin də Həcc ziyarətinə yola düşəcək zəvvarların prezident seçkilərinin keçirildiyi gün səsvermədə iştirak etmələrinə imkan yaratmaq olduğunu xatırladıb: “Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin elan olduğu gün bu məsələyə münasibət bildirmişdi. Amma zəvvarların seçki gününə qədər səfərə çıxmaları 4 minə yaxın Azərbaycan vətəndaşının aktiv seçki hüquqlarını gerçəkləşdirmələrinə mane olacaq. Bildiyiniz kimi, nə Məkkədə, nə də Mədinədə Azərbaycan konsulluğu yoxdur. Buna görə də səsvermənin diplomatik qurumlar vasitəsilə təşkil edilməsi də mümkün deyil”.
Q.Həsənquliyev yaranmış vəziyyətdən çıxış yolu kimi Seçki Məcəlləsinin 104.4-cü maddəsini nümunə gətirib: “Bu maddədə qeyd olunur ki, “seçkilər günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirməlidir. Bu istək şifahi şəkildə bildirilirsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Dairə seçki komissiyaları seçkilər günü Azərbaycanın dövlət bayrağı altında üzən gəmilərdə, uzaq və yolu çətin yerlərdə səsvermə gününə ən çoxu 10 gün qalmış səsverməni keçirməyə icazə verə bilərlər”. Göründüyü kimi, Seçki Məcəlləsinin bu müddəası Azərbaycan zəvvarlarının seçki günündən öncə səs vermələrinə imkan yaradır. Bu baxımdan hesab edirəm ki, Mərkəzi Seçki Komissiyası Qafqaz Müsəlmanları İdarəsi ilə bu məsələ ilə bağlı fikir mübadiləsi aparmalı və Həcc ziyarətinə yola düşəcək vətəndaşlarımızın aktiv seçki hüquqlarının təmin olunması üçün müvafiq addımlar atılmalıdır”.