Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyası Səhiyyə Nazirliyi ilə birlikdə referendumla bağlı seminar-müşavirə keçirib.
APA-nın xəbərinə görə, tədbir səhhəti ilə əlaqədar seçicilərin müvəqqəti olduqları yerlərdə referendumun təşkilinə dair məsələlərə həsr olunub.
MSK sədrinin müavini Natiq Məmmədov referendumun təşkili istiqamətində görülən işlərdən danışıb. O, səhhəti ilə bağlı seçicilərin müvəqqəti olduqları yerlərdə səsvermənin təşkili üçün Bakıda 11 seçki dairəsi ərazisində 22 seçki məntəqəsinin yaradılacağını nəzərə çatdırıb.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, Bakı ilə bərabər rayonlarda da səhiyyə müəssisələrində seçki məntəqələri yaradılacaq: “Xəstələrin referendumda iştirakı ilə əlaqədar bu seçicilərin siyahısının səsvermə gününə 5 gün qalmış dəqiqləşdirilməsi nəzərdə tutulurdu. Biz bu müddətin iki günə qədər azaldılmasını təklif etdik, çünki xəstələrin sayı tez dəyişir” .
MSK sədrinin müavini N. Məmmədov seçki məntəqələri yaradılarkən xəstəxanalardakı xəstələrin sayının əsas götürüləcəyini söyləyib: “Xəstələrin sayı dəyişəcəksə, seçici siyahıları bir daha dəqiqləşdiriləcək. Əgər xəstə seçki məntəqəsinə gələ bilməyəcəksə, o zaman xəstənin müraciəti ilə daşınan qutu onun yanına aparılacaq”.
MSK Katibliyinin Hüquq şöbəsinin müdiri İradə Hacıyeva səhhəti ilə əlaqədar müvəqqəti məskunlaşma yerlərində olan şəxslərin seçici kimi əhatə dairəsinin müəyyən edilməsi və seçki məntəqələrinin yaradılması, həmin məntəqələrdə səsvermənin təşkili nəticələrin müəyyən olunması və ictimailəşdirilməsi barədə danışıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev seçicilərin səhhəti ilə əlaqədar müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahılarının tərtib edilməsi qaydaları barədə məruzə edib.
MSK üzvü Almaz Qəhrəmanlı “Səsvermə məntəqə seçki komissiyalarının vəzifələri və prosedur qaydaları” mövzusunda məruzə ilə çıxış edib.