Bu açıqlamanı APA-ya prezidentliyə namizədliyini irəli sürmüş Ana Vətən Partiyasının Ali Məclisinin üzvü, partiya sədrinin müavini, millət vəkili Zahid Oruc verib.
Zahid Oruc namizədliyini irəli sürməsinə sərt reaksiya verənlərə və ictimaiyyətə mesaj göndərib: “Hər kəsi əmin edirəm ki, yanlışlığa yol verməyəcəyəm. Əsas hədəfim Azərbaycan vətəndaşının düşüncələrini parlamentdə ifadə etdiyim kimi, prezident seçkiləri marafonunda da cəmiyyətin diqqətinə çatdırmaqdır. Bu çərçivəsində hansısa partiyada tutduğum post mənim üçün önəmli deyil. Onsuz da ki, kimin hansı düşərgənin təmsilçisi olması cəmiyyət üçün vacib deyil. Yetər ki, insanlara bağlılığın olsun. Ona görə də təmsil olunduğum partiyadan namizədliyim ilə bağlı hansı qərar verilsə, bu qərarı hörmətlə qarşılayacağam və bu qərar məni narahat etməyəcək”.
Z. Oruc yeni partiya yaratması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: “Faktiki olaraq mənim belə bir planım yoxdur. Hazırda mən fərdi olaraq prezident seçkilərinə hazırlıqla məşğulam. Yeni partiya yaratmağımla bağlı yayılan xəbərlər isə mənə qarşı olan kimlərinsə gündəmi yayındırmaq üçün ortaya atdığı dezinformasiyadır. Mənim adımdan yalan açıqlamalar yayıblar. Bu məlumatları qətiyyətlə təksiz edərək, bildirirəm ki, heç vaxt partiya yaratmayacağam”.