Fonddan APA-ya verilən məlumata görə, bəyanatda Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi 9 sentyabr 2015-ci il tarixli antiazərbaycan qətnaməsi ilə bağlı narahatlıq ifadə olunub.
Bəyanatda bildirilir ki, qəbul edilən bu sənəd Azərbaycan ilə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq aydın görünür: “Qətnamədə ayrı-ayrı halların qərəzli şəkildə təqdim olunması və ümumiləşdirmə yolu ilə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana nümayəndə heyəti göndərməsi təklif edilir, ancaq münaqişənin 20 ildən artıqdır ki, həll olunmaması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum olunması barəsində Avropa Parlamenti bir cümlə belə qeyd etmədiyi bizdə təəssüf hissi doğurur. Avropa Demokratiya və İnsan Haqları Fondunun əməkdaşlarının araşdırmalarına əsasən, belə nəticəyə gəlmişik ki, Azərbaycan dövləti milli maraqlarına cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olub. Bu səbəbdən müstəqil və suveren dövlətin daxili işlərinə müdaxiləsi, ona qarşı təhqir və təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənəd qəti şəkildə qəbuledilməzdir. Belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi isə öz növbəsində Azərbaycanı Avropa Parlamenti və bu kimi təşkilatlarla əməkdaşlığın Avropa ölkələrinə nə dərəcədə lazım olması barədə ciddi düşünməyə əsas verir. Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan bu Avropa Parlamentinin belə gözlənilməz və anlaşılmaz addım atması bütövlükdə regionda və dünyada demokratik dəyərlərə və ədalət prinsiplərinə vurulan zərbədir. Avropa Demokratiya və İnsan Haqları Fondu, Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməyə qəti etiraz bildirir və Avropa strukturlarını Azərbaycana qarşı ikili standartlardan əl çəkməyə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa çağırırıq. Biz Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə çağırırıq. Əks təqdirdə beynəlxalq aləmdə sülhün və demokratiyanın təhlükəyə məruz qalmasına şərait yaranacaq, beynəlxalq normalara, prinsiplərə, habelə inkişaf etmiş iri dövlətlərin imicinə də münasibət dəyişəcək. Qeyd edək ki, qətnamənin lehinə 365, əleyhinə 202 parlamentar səs verib, 72 nəfər bitərəf qalıb.