Bakı-APA. Iyulun 15-də Çexiyanın paytaxtı Praqada Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında görüş keçiriləcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu, 2012-ci ildən etibarən diplomatların sayca 10-cu görüşü olacaq.
Növbəti danışıqlarda əsasən nəqliyyat məsələlərinə toxunulacaq. Görüş genişləndirilmiş formatda baş tutacaq. Gürcüstan tərəfdən danışıqlarda İqtisadiyyat nazirliyinin, Rusiyadan – Nəqliyyat nazirliklərinin rəsmiləri iştirak edəcək.
“Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasının nəticələri göz qabağındadır. İki il ərzində, ölkələr arasında əmtəə dövriyyəsi 1,5 dəfə artaraq 850 milyon dollara çatıb”, deyə Q.Karasin bildirib.