"Azəriqaz": Abonentlərin tez-tez problemlə rastlaşdığı “Actaris Gulf” tipli qaz sayğacları dəyişdirilir

"Azəriqaz": Abonentlərin tez-tez problemlə rastlaşdığı “Actaris Gulf” tipli qaz sayğacları dəyişdirilir
# 25 fevral 2015 14:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Son vaxtlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təchizatı sisteminin yenidən qurulması, istehlakçıların təbii qazla təchizatı istiqamətində mühüm işlər görülür, abonentlərin sayı durmadan artır.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, istehlakçılar üçün quraşdırılmış müasir tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi, ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə bir sıra yeniliklər tətbiq edilir.

Məlumata görə, Bakı şəhəri və Abşeron rayonunda abonentlərin mənzillərində quraşdırılmış 17 972 ədəd (Nəsimi rayonu - 3 480, Yasamal rayonu - 2 526, Xəzər rayonu - 1 207, Sabunçu rayonu - 42, Səbail rayonu - 539, Binəqədi rayonu – 1 475, Xətai rayonu - 3 055, Nərimanov rayonu - 2 677, Suraxanı rayonu - 241, Nizami rayonu - 1 244, Qaradağ rayonu - 273, Abşeron rayonu - 1213) “Actaris” Gulf tipli qaz sayğaclarının ödəniş xidmətləri yalnız Bakı şəhərində yerləşən “Kapital Bank”ın filiallarında olan terminallarda “TaleXus” proqramı vasitəsi ilə həyata keçirilir. Həmin proqram təminatında tez-tez nasazlıqların yaranması “Gulf” tipli qaz sayğaclarının kartlarına ödəniş zamanı abonentlərə bir sıra çətinliklər yaradır.

Bunun qarşısını almaq, eyni zamanda abonentlərin istehlak etdiyi təbii qaza görə ödənişləri daha yüksək keyfiyyətlə həyata keçirmələri məqsədi ilə Bakı şəhəri və Abşeron rayonu ərazilərində qazlaşdırma işləri aparılarkən artıq kütləvi şəkildə “Gulf” tipli sayğaclar deyil, “İtron” tipli smart qaz sayğacları quraşdırılır. “Gulf” tipli sayğaclara malik olan 17 972 abonent də yaddan çıxarılmır. Belə ki, onların ödənişləri daha rahat aparmaları üçün “Actaris” Gulf tipli sayğacların proqram təminatının dəyişdirilməsi və “İtron” smart tipli qaz sayğaclarına uyğunlaşdırılmasına başlanılıb. Bu istiqamətdə işlər davam etdirilir.

Birliyin mütəxəssisləri yerindəcə xüsusi servis kartları vasitəsi ilə yeni proqramı sayğaclara yükləyir, həmin proqrama uyğun kartları abonentlərə təqdim edirlər. İşlər başa çatdırıldıqdan sonra “Actaris” Gulf tipli qaz sayğaclarından istifadə edən abonentlər smart-kartlara ödənişləri yalnız “Kapital” bank filiallarından deyil, istənilən ödəniş terminallarından həyata keçirə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR