BANM-la Əbu-Dabi Neft İnstitutu arasında müqavilə imzalanıb

BANM-la Əbu-Dabi Neft İnstitutu arasında müqavilə imzalanıb
# 07 dekabr 2016 12:06 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Heriot-Vatt Universitetinin (HVU) rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Əbu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi və Dubay şəhərlərinə səfər edib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, səfər zamanı HVU-nun rektoru, professor Riçard Viliamsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə əməkdaşlığın strateji istiqamətləri və prespektivləri barədə geniş fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın magistratura səviyyəsinə genişləndirilməsi ilə bağlı konkret işlərin görülməsi zəruriliyi qeyd olunub. Görüşdə bakalavr təhsil səviyyəsi ilə əlaqədar olan mövcud müqaviləyə dəyişiklik ilə bağlı tərəflər arasında razılaşma imzalanıb.

Elmar Qasımov və nümayəndə heyəti HVU-nun Dubay kampusunun məzun mərasimində iştirak edib. Daha sonra HVU-nun Dubay kampusu, xüsusilə tədris binaları, auditoriyalar və laboratoriyalar ilə tanış olan nümayəndə heyəti professor-müəllim heyəti ilə də görüşüblər.

Səfərin sonuncu günü BƏƏ-nin Əbu-Dabi şəhərində yerləşən Neft İnstitutunun prezidenti Tomas Hoçstetlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüş çərçivəsində Neft İnstitutu və BANM arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub və gələcəkdə BANM tələbələrinin Əbu-Dabi Neft İnstitutunda magistr təhsil səviyyəsində ödənişsiz təhsil almaları barəsində ilkin razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR