Azərbaycan ümumdünya «Açıq Hökumət Tərəfdaşlığı»nın ilk sammitində iştirak edib

Azərbaycan ümumdünya «Açıq Hökumət Tərəfdaşlığı»nın ilk sammitində iştirak edib
# 20 aprel 2012 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Brazilia şəhərində (Braziliya) ABŞ prezidenti Barak Obama və Braziliya prezidenti xanım Dilma Russefin birgə təşəbbüsü ilə 2011-ci ildə təsis olunmuş ümumdünya «Açıq Hökumət Tərəfdaşlığı»nın (AHT) Yüksək Səviyyəli İlk İllik Sammiti keçirilib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov məlumat verib.

Onun sözlərinə görə, iki gün davam edən tədbirə 60 ölkədən 2 minə yaxın dövlət, qeyri-hökumət, özəl qurumların rəhbərləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri qatılıb.

Sammitin açılış mərasimində Braziliya prezidenti D.Russef, Tanzaniya prezidenti Jakaya Kikveti, Gürcüstanın baş naziri Nika Gilauri, ABŞ-ın dövlət katibi xanım Hillari Klinton və bir sıra siyasi xadimlər iştirak edib.

«Tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. AHT Sammitinin Cənubi Qafqaz regionu üzrə «Fəaliyyət Planı»nın təqdimatı üzrə plenar iclasda iştirak edən nazir Azərbaycanın milli fəaliyyət planını forum iştirakçılarının diqqətinə çatdırıb», - deyə M.Əmirov bildirib.

Təqdimat mərasimində Azərbaycandan qeyri-hökumət təşkilatının nümayəndəsi, Milli Büdcə Qrupunun rəhbəri, Gürcüstan ədliyyə nazirinin müavini və Ermənistanın xarici işlər nazirinin müavini, həmçinin iştirakçı dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Eyni zamanda regionlar üzrə iki hissədən ibarət, 12 blok üzrə davam edən «Hərəkət Planı» təqdimatlarında Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak edib.

Sammit çərçivəsində İsrailin Dövlət xidmətlərinin tətbiqi naziri Mihael Etan, Albaniyanın innovasiya və informasiya kommunikasiya texnologiyaları naziri Genc Polla, İstehsal Sənayesində şəffaflıq təşəbbüsü katibliyinin rəhbəri Conas Moberq, Beynəlxalq Şəffaflıq («Transparency İnternational») Təşkilatının idarə heyətinin üzvü xanım Elizabet Unqar, ABŞ-ın Karter Mərkəzinin rəhbəri xanım Laura Nyuman, həmçinin, Braziliya hökumətinin «Sivil Dövlət Qurumu»nun rəhbəri xanım Vania Vieyra ilə bir sıra ikitərəfli görüşlər keçirilib.

«Sammitin ikinci günü «İnformasiya Şəffaflığı: Hökumətin Perspektivləri» sessiyasında təşkilatçıların xahişi ilə Azərbaycanda İKT sahəsində aparılan uğurlu siyasəti forum iştirakçılarının diqqətinə çatdırmaq üçün nazir Ə.Abbasov çıxış edib. Çıxışda «Elekton hökumət» çərçivəsində dövlət təsisatlarının vahid sistem üzərindən idarəsi, həmçinin, nəzarət olunması və bu sistemin cəmiyyət üzvləri ücün şəffaf olmasının vacibliyi qeyd edilib. Sessiyada Braziliya, Liberiya və Kanada hökumətlərinin nümayəndələri cıxış edərək öz təcrübələri ilə bölüşüb», - deyə nazirliyin rəsmisi bildirib.

Qeyd edək ki, «Açıq Hökumət Tərəfdaşlığı» sammitinin işində Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov, Prezident Administrasiyasının və Milli Məclisin üzvləri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR