Azərbaycan sığorta bazarı son bir ildə 16% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 16% artıb
# 18 mart 2014 07:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 91,616 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16,2% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 17,3% artaraq 8,076 mln. manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 14,9% artaraq 71,725 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 65,7% artaraq 17,362 mln. manata, qeyri-həyat sığortası üzrə 4,6% artaraq 54,364 mln. manata çatıb. İcbari sığorta növləri üzrə daxilolmalar 21,3% artaraq 19,891 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (31,357 mln. manat), «Həyatın yaşam sığortası» (15,332 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (7,578 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (5,821 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (5,506 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (5,411 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (3,191 mln. manat) növləri üzrə toplanılıb.

Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 1,006 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,6 dəfə çoxdur. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 11,2% artaraq 11,904 mln. manata çatıb. Ümumilikdə, könüllü sığorta növləri üzrə ödənişlər 19,4% artaraq 12,910 mln. manat, icbari sığorta növləri üzrə isə 13,0% artaraq 6,107 mln. manata çatıb.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (6,508 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (4,580 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (4,330 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, fevralın sonuna Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR