Nurçuların təşkilatı: Türkiyədə demokratik islahatların yavaşlaması və avtoritarizm meyllərindən narahatıq

Nurçuların təşkilatı: Türkiyədə demokratik islahatların yavaşlaması və avtoritarizm meyllərindən narahatıq
# 30 dekabr 2013 15:55 (UTC +04:00)

Bakı – APA. Fətullah Gülənin fəxri sədri olduğu Türkiyə Qəzetçilər və Yazarlar Vəqfi ölkədə həyata keçirilən rüşvət və korrupsiya əməliyyatının arxasında nurçuların olduğu barədə ittihamlara yazılı cavab verib. APA-nın xəbərinə görə, özlərini “Xidmət Hərəkatı” (“Hizmet Hareketi”) adlandıran nurçuların sözçüsü qismində çıxış edən yeganə hüquqi şəxs olan Qəzetçilər və Yazarlar Vəqfi əməliyyatı aparan polis və prokurorların arxasında nurçuların dayandığına dair ittihamların iftira olduğunu bəyan edib: “Fəxri sədrimiz möhtərəm Fətullah Gülən xocaəfəndi və Xidmət Hərəkatının korrupsiya əməliyyatını aparan prokurorlarla əlaqəli çalışdığı və xarici qüvvələrin maşası olduğu yönündə iddialar çirkin bir iftiradır”.

Nurçuların bəzi dövlət qurumalarını və hüquq sistemini ələ keçirdiyi, paralel dövlət qurduğu haqda ittihamlara cavab verilən açıqlamada deyilir ki, dövlət orqanlarında “Xidmət”ə simpatiya duyanlar və ya sevənlər ola bilər, lakin hüquq konkret dəlillər əsasında hərəkət edir: “Əqidəsi, dünyagörüşü, həyat tərzi nə olursa olsun, vətəndaşların qanunlar çərçivəsində dövlət orqanlarında yer tutmasını “dövləti ələ keçirmə”, “paralel iqtidar təşkil etmə”, “dövlətə sızma” şəklində təqdim etmək xoş niyyətlə izah oluna bilməz”.

Ərdoğan hökumətinin sərt tənqid olunduğu açıqlamada bildirilir ki, Türkiyədə adı korrupsiyaya qarışmış və ya korrupsiya ilə mübarizə aparmayan hökumətlərə hər zaman inam azalır: “Hazırkı mərhələdə barəsində korrupsiya iddiaları və ittihamları olan şəxslərin bəraət qazanması yalnız məhkəmə prosesinin hər hansı müdaxilə olmadan yekunlaşması ilə mümkündür. Möhtərəm xocaəfəndinin və Xidmət Hərəkatının ölkəyə çox xidmətləri keçən AKP-yə qarşı hər hansı düşmənçiliyi yoxdur. AKP-nin 2002-2011-ci illər ərzindəki demokratikləşmə həmləsini açıq dəstəkləmişik. Ancaq 2011-ci il parlament seçkilərindən bu yana hörmətli Ərdoğanın və partiyasının idarəçiliyində, ritorikasında və əməllərində ciddi fərq əmələ gəldiyi ortadadır. Avropa Birliyinə üzvlük prosesinin yavaşlaması, hakimiyyət bölgüsü prinsipini eroziyaya uğradacaq prezident üsul-idarəsinin təklif olunması, media azadlıqlarının getdikcə daralması, parlament nəzarətinin zəifləməsi, Hesablama Palatasının öz vəzifəsini icra etməsinin əngəllənməsi və son olaraq məhkəmə hakimiyyətinə icra hakimiyyəti tərəfindən müdaxilə edilməsi AKP-ni dəstəkləyən rasional kəsimləri ölkənin gələcəyi ilə bağlı dərin əndişələrə qərq edir”.

Açıqlamada bu narahatlıqların dərsxanaların (dershane) bağlanması qərarından sonra başladığı haqda fikirlər təkzib olunub: “Dərsxanaların yasaqlanması barədə mübahisələrdən çox öncə vəqfimiz media azadlığı başda olmaqla, Türkiyədəki islahatların yavaşlaması və avtoritarizm meylləri ilə əlaqədar öz narahatlığını ictimaiyyətlə bölüşüb. Korrupsiya əməliyyatı ilə birlikdə hökumət və hökumətə yaxın mediada yüksək səslə dilə gətirilən “məhkəmə-hüquq xuntası”, “paralel dövlət”, “avtonom struktur”, “casusluq” və buna bənzər dəlil-sübutsuz, əsassız ittihamlar istintaqı ört-basdır etmək məqsədi güdür. Şübhəli şəxslərin günahsızlıq prezumpsiyasına zidd şəkildə ittihamlara məruz qalmaları onların hüquqlarının pozulmasıdır. Lakin eyni zamanda milyonlarla sevəni olan bir icmaya heç bir hüquqi və demokratik prinsipə əsaslanmadan “çete”, “örgüt” deyilməsi ağıl, vicdan və insafla izah oluna bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR