AMEA-nın Botanika İnstitutu ilə BMT-nin Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutu arasında anlaşma memorandumu imzalanıb

AMEA-nın Botanika İnstitutu ilə BMT-nin Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutu arasında anlaşma memorandumu imzalanıb
# 19 fevral 2014 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əməkdaşlarının yeni layihəsi üzrə AMEA Botanika İnstitutu və Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutu (UNİCRİ) arasında anlaşma memorandumu imzalanıb.

Botanika İnstitutunun Elmi İnformasiya və İnnovasiya şöbəsindən APA-ya verilən xəbərə görə, “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların molekulyar diaqnostikası” mövzusunda layihə “Cənubi Qafqazda və Mərkəzi Asiyada Biomüdafiə və Biotəhlükəsizlik imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində müsabiqəsinin qalibi olub.

Layihənin rəhbəri Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyevdir. Layihənin əsas məqsədi Azərbaycana idxal olunan müxtəlif kənd təsərrüfatı bitkilərinin əkin materiallarında və toxumlarında əsasən fitoplazma və virus xəstəliklərinin, həmçinin GMO mənşəli bitki məhsullarının molekulyar diaqnostikasıdır. Aparılan tədqiqatlar xəstəliklərin yayılmasının qarşısının alınmasına və ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən əhalinin sağlam qida ilə təmin olunmasına xidmət edəcək.

Layihə çərçivəsində Almaniya və Fransanın bitki xəstəlikləri üzrə nüfuzlu elmi-tədqiqat mərkəzlərində çalışan alimlərin iştirakı ilə Azərbaycanda praktiki seminarların keçirilməsi, həmçinin bitki xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası və identifikasiyasında istifadə olunan yeni ekspress metodların öyrənilməsi məqsədilə Botanika İnstitutunun 2 əməkdaşının İNRA - Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutuna (Bordo, Fransa) və İSTA - Toxumların Beynəlxalq Testləşdirilməsi Assosiasiyasına (İsveçrə) elmi ezamiyyəti nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR