Azərbaycanda anadan uşağa ötürülmə yolu ilə 65 nəfər İİV-ə yoluxub

Azərbaycanda anadan uşağa ötürülmə yolu ilə 65 nəfər İİV-ə yoluxub
# 21 aprel 2014 09:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda İİV-ə yoluxma yolları açıqlanıb.

APA-nın verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2013-cü ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq edilmiş 4 298 nəfərdən 2 444 nəfərdə (56,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Onlardan 2400 nəfəri (2360 kişi, 40 qadın) Azərbaycan vətəndaşları, 44 nəfəri (37 kişi, 7 qadın) əcnəbidir. 1987-ci ildən 2013-cü ilin sonunadək cəmi 1 nəfər donor qanı ilə İİV-ə yoluxub. Həmin qadın Azərbaycan vətəndaşıdır.

Bu müddət ərzində 1372 nəfər (31,9%) heteroseksual kontakt nəticəsində İİV-ə yoluxub. Heteroseksual kontakt nəticəsində İİV-ə yoluxanlardan 1310 nəfəri Azərbaycan vətəndaşıdır. Onlardan 532 nəfəri kişi, 778 nəfəri qadındır. Bu yolla İİV-ə yoluxanların 62 nəfəri əcnəbidir. Homoseksual kontakt yolu ilə 52 nəfər (1,2%) İİV-ə yoluxub ki, onlardan 51 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər əcnəbidir. Bu yolla İİV-ə yoluxanların hamısı kişidir.

Anadan uşağa ötürülmə yolu ilə 65 nəfər (1,6%) İİV-ə yoluxub. Bu yolla İİV-ə yoluxanların hamısı Azərbaycan vətəndaşlarıdır. Onlardan 29 nəfər oğlan uşağı, 36 nəfər qız uşağı olub. 364 nəfərin (8,5%) hansı yolla İİV-ə yoluxduğunu müəyyənləşdirmək mümkün olmayıb. İİV-ə hansı yolla yoluxduğu naməlum olanların 322 nəfəri (264 kişi, 58 qadın) Azərbaycan vətəndaşı, 42 nəfəri (40 kişi, 2 qadın) əcnəbidir.

2013-cü il ərzində Azərbaycanda heteroseksual kontakt nəticəsində İİV-ə yoluxma üstünlük təşkil edib. Keçən il İİV-ə yoluxan 514 nəfərdən 267 nəfər (51,9%) heteroseksual kontakt nəticəsində İİV-ə yoluxub. 2013-cü ildə heteroseksual kontakt nəticəsində İİV-ə yoluxanlardan 256 nəfər (94 kişi, 164 qadın) Azərbaycan vətəndaşıdır. Bu yolla İİV-ə yoluxanların 11 nəfəri (8 kişi, 3 qadın) əcnəbidir. İnyeksion narkotik istifadəsi nəticəsində İİV-ə yoluxma halları say baxımından ikinci yerdə gəlir. 2013-cü ildə İİV-ə yoluxması təsdiq edilmiş 514 nəfərdən 203 nəfərdə (39,5%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 196 nəfəri (190 kişi, 6 qadın) Azərbaycan vətəndaşları, 7 nəfəri (6 kişi, 1 qadın) əcnəbidir. Keçən il donor qanı ilə İİV-ə yoluxan qeydə alınmayıb.

2013-cü ildə homoseksual kontakt yolu ilə 11 nəfər (2,1%) İİV-ə yoluxub ki, onlardan 10 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər əcnəbidir. Başqa sözlə, 1987-ci ildən indiyə qədər ilk dəfə Azərbaycanda 1 əcnəbinin homoseksual kontakt yolu ilə İİV-ə yoluxduğu qeydə alınıb.

Keçən il anadan uşağa ötürülmə yolu ilə 10 nəfər (2%) İİV-ə yoluxub. Bu yolla İİV-ə yoluxanların hamısı Azərbaycan vətəndaşlarıdır. Onlardan 5 nəfər oğlan uşağı, 5 nəfər qız uşağı olub. 23 nəfərin (4,5%) hansı yolla İİV-ə yoluxduğunu müəyyənləşdirmək mümkün olmayıb. İİV-ə hansı yolla yoluxduğu naməlum olanların 22 nəfəri (14 kişi, 8 qadın) Azərbaycan vətəndaşı, 1 nəfəri (1 kişi) əcnəbidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR