“Almaniyada doktorantura təhsili və elmi tədqiqat imkanları” mövzusunda seminar keçirilib

“Almaniyada doktorantura təhsili və elmi tədqiqat imkanları” mövzusunda seminar keçirilib
# 20 sentyabr 2013 08:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Almaniyada doktorantura təhsili və elmi tədqiqat imkanları” mövzusunda seminar keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbir Almaniyada təhsil və tədqiqat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan təqaüd proqramları, doktorantura təhsili və elmi tədqiqat imkanlarının təbliği məqsədini daşıyıb.

Milli Elmlər Akademiyası, İnformasiya Texnologiyaları İnstitutu və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil edilən seminarda DAAD-ın Bakı Məlumat direktoru Nikola Uliş, AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Həsənov, institut və təşkilatların doktorant və dissertantları, alim və mütəxəssisləri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Rəşid Ələkbərov təcrübəli mütəxəssislərlə bu kimi seminar və treninqlərin keçirilməsinin ənənəvi xarakter almasının vacibliyini nəzərə çatdırıb.

AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Ə.Həsənov isə Azərbaycan və alman elmi tədqiqat institutları arasında körpü rolu oynayan DAAD-ın gənc alimlər və elmi qurumların səmərəli fəaliyyəti üçün əhəmiyyətin diqqətə çatdırıb.

Sonra təmsil etdiyi təşkilat barədə N.Uliş ətraflı məlumat verib. O bildirib ki, DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsinə maliyyə dəstəyi verən ən böyük təşkilatdır. Təşkilatın qlobal şəbəkəsi 14 regional ofis və 51 informasiya mərkəzindən ibarətdir. Fəaliyyətə başladığı vaxtdan etibarən təşkilat Almaniya və digər ölkələrdə 1,5 milyondan çox alim və tələbəyə maliyyə dəstəyi göstərib.

PHD proqramı üzrə müdafiə edən doktorantlar 1000 avro təqaüd alır. Eyni zamanda Almaniyada sığorta, səfər xərcləri də ödənilir. Əgər ailəli olan doktorantlar ailəsi ilə birgə 6 aydan çox təhsillə bağlı orada yaşayacaqsa, o zaman ailənin də maddi ehtiyacları qarşılanır. Amma bu təqaüdün kimin alacağına DAAD qərar vermir, Almaniyada bir qrup professorlar həmin şəxsləri müəyyənləşdirir. DAAD-ın burdakı nümayəndəliyi sadəcə təşkilati məsələlərə baxır. Təşkilata ərizə qəbulu oktyabrın 31-də bitir. www.daad.baku.az saytı vasitəsilə təşkilat haqqında ətraflı məlumat toplamaq olar.

Daha sonra DAAD-ın təqaüdçüsü “Gənc alimlər üçün tədqiqat qrantları” mövzusunda çıxışı edib və seminar iştirakçılarına geniş məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR