“Cənub mirvarisi” adlı iki günlük infotur həyata keçirilib

“Cənub mirvarisi” adlı iki günlük infotur həyata keçirilib
# 09 dekabr 2013 11:07 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə Salyan-Lənkəran-Masallı bölgələri istiqamətində “Cənub mirvarisi” adlı iki günlük infotur həyata keçirilib.

APA-nın məlumatına görə, infotur Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Vektor” turizm şirkətinin və Masallı rayonundakı “Viləş” mehmanxanasının təşkilatçılığı ilə baş tutub. İnfoturda 24 turizm şirkətinin və 15-dək KİV-in nümayəndələri iştirak ediblər.

İnfoturun məqsədi ölkə rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı istiqamətində reallaşdırdığı tədbirlərin nəticəsi olaraq bölgələrdə yaradılan və müasir standartlara cavab verən, yerli və xarici turistlərə xidmət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərini, eləcə də turistlərin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud olan digər xidmət sahələrini turizm şirkətlərinə təqdim etməkdir.
Layihə çərçivəsində turizm potensialı ilə zəngin olan cənub bölgəsinin təbii, mədəni və tarixi irsini, həmçinin milli folklor nümunələrini turizm şirkətləri və media vasitəsilə bir daha tanıtmaq və təşviq etmək imkanı yaradılır.


İnfotur iştirakçıları Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev Mərkəzi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan park, soyqırımı abidəsi, Gənclər Mərkəzi və yerli əhəmiyyətli memarlıq abidəsi olan XVIII əsrə aid Dairəvi qala ilə tanış olublar. Lənkəran şəhər mədəniyyət və turizm şöbəsinin əməkdaşı İlqar Əzimov bildirib ki, Lənkəran rayonunun ərazisində 87 tarixi mədəniyyət abidəsi var və onların təxminən yarıdan çoxu turizm obyekti kimi istifadə olunur. Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı və Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov isə rayonda turizm obyektlərinin imkanlarının genişləndirilməsi, xarici və yerli turistlərin cəlb olunması istiqamətində bir sıra işlərin görüldüyündən xəbər veriblər. Hazırda rayonda 30-a yaxın turizm obyekti fəaliyyət göstərir. 2012-ci ildə rayona təxminən 17 minədək turist səfər etmişdisə, bu il artıq onların sayı 21 minə çatıb. Sonra infoturda iştirak edən media və turizm şirkətlərinin nümayəndələrinə sertifikatlar verilib, bölgənin milli mətbəx və folklor rəqs nümunələri təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR