Hacı Şahin Həsənli: “Allahşükür Paşazadə “halal” sertifikatının QMİ-nin rəyi əsasında verilməsi üçün danışıqlar aparır”

Hacı Şahin Həsənli: “Allahşükür Paşazadə “halal” sertifikatının QMİ-nin rəyi əsasında verilməsi üçün danışıqlar aparır”
# 18 aprel 2014 11:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının iclasında Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə şəxsən özü danışıqlar aparır. Məqsəd odur ki, Dövlət Komitəsinə “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən şirkətlərə bu sertifikat QMİ-nin rəyi nəzərə alınaraq verilsin”.

Bunu APA-ya açıqlamasında Bak şəhəri Nəsimi rayonundakı Məşədi Dadaş məscidinin imam-camaatı, dünən Qazılar Şurasının qərarı ilə halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində yaradılmış komissiyanın üzvü Hacı Şahin Həsənli söyləyib.

Hacı Şahin Həsənli bildirib ki, QMİ-də qazı Faiz Nağızadənin sədrliyi ilə yaradılan və tərkibinə QMİ sədrinin müavini Fuad Nurullah, qazı Məhəmməd Quliyev, QMİ-nin əməkdaşları Şamil Rəsulov, Mirnəsir Nağıyev və özünün daxil olduğu komissiya belə bir rəy vermək üçün yaradılıb: “Başqa sözlə, hər hansı şirkət Dövlət Komitəsinə halal məhsul istehsalı ilə bağlı sertifikat almaq üçün müraciət edəcəksə, QMİ komissiyasının üzvləri Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə həmin şirkətlərin müəssisələrində olacaq, ət kəsimində şəriət qaydalarına riayət edilib-edilməməsini yoxlayacaq. QMİ-nin komissiyası müsbət rəy verdikdən sonra Dövlət Komitəsi həmin şirkətə halal ət məhsullarının istehsalı ilə bağlı sertifikat verəcək. Əgər QMİ komissiyasının rəyi mənfi olacaqsa, Dövlət Komitəsi müraciət edən həmin şirkətə halal ət məhsullarının istehsalı ilə bağlı sertifikat verməyəcək. Məqsəd budur. Şeyx dedi ki, bu məsələ həllini tapacaq. Dövlət Komitəsi və QMİ arasında razılıq əldə edildikdən sonra QMİ-nin komissiyası halal məhsul istehsalı ilə bağlı rəylərin verilməsi ilə məşğul olacaq”.

Xatırladaq ki, aprelin 8-də də QMİ-nin yaydığı bəyanatda bu məsələ ilə bağlı Dövlət Komitəsi ilə dini mərkəz kimi QMİ-nin əməkdaşlığının vacib olduğu vurğulanıb. Buna cavab olaraq Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya açıqlamasında deyib ki, Konstitusiyada da dinin dövlətdən ayrı olduğu qeyd olunur, istehsalda və sənayedə də din tətbiq edilmir. O, QMİ-ni beynəlxalq təcrübədə standartların tətbiqinə hansı qurumların, hansı təşkilatların cavabdeh olduğuna da nəzər yetirməyə çağırıb. F.Talıblı bildirib ki, bütün dünyada, o cümlədən Azərbaycanla məhz dövlət qurumları texniki-normativ sənədlərə nəzarət edir.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb. İndiyə qədər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 4 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib. “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun olaraq “Hakan Foods” FF Co. LTD müəssisəsi “Kral” və “Yeni dad” nişanlı məhsullar, “Səhliyalı” kiçik müəssisəsi “Min bərəkət, halal nemət” nişanlı məhsullar, “M T” LTD firması “Hacı Turqay” nişanlı məhsullar və “Zəhmət Ruzi” MMC “SAB” nişanlı məhsullar istehsal edəcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti “Halal” standartına uyğun məhsullar istehsal etməyən, bu standarta uyğun məhsullar istehsal etməyə şəraiti olmayan, standartın alınması ilə bağlı Komitəyə müraciət etməyən və üzərində əsassız olaraq “halal” sözü yazan şirkətlərə və istehsalçılara qarşı reydlər aparır. Reydlər zamanı bu cür istehsalçıların məhsulları müəyyən edildikdə satışdan çıxarılır və həmin istehsalçılara qarşı inzibati qaydalara uyğun sərt təbdirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR