Bakıda şahmat festivalının açılış mərasimi keçirilib

Bakıda şahmat festivalının açılış mərasimi keçirilib
# 01 aprel 2014 10:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıdakı 18 nömrəli orta məktəbdə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalının açılış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyi tərəfindən təşkil olunan festivalda paytaxt rayonlarını, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, eləcə də digər şəhər və rayonları təmsil edən məktəblilərdən ibarət komandalar qatılıb.

Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, nazirlik tərəfindən hər il Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş bir çox tədbirlər, o cümlədən, ənənəvi olaraq məktəblilər arasında şahmat yarışı keçirilir. Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbində on minlərlə məktəbli bu intellektual oyunun sirlərini öyrənir: “Ötən il uşaq-gənclər şahmat məktəbinin yetirmələri respublika yarışlarda 41, Avropa, dünya və beynəlxalq səviyyəli rəsmi yarışlarda 11 qızıl, 7 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 23 medal qazanıblar. Ölkə üzrə 22 nəfər beynəlxalq qrosmeysterdən 15-i, 14 nəfər beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə təhsil sistemində fəaliyyət göstərən şahmat məktəblərinin yetirmələridir. Şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rolu nəzərə alınaraq, 2012-ci ildən etibarən pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş 1 ümumtəhsil məktəbinin II siniflərində şahmat dərslərinin tədrisinə başlanılıb”.

Qeyd edək ki, 5 gün davam edəcək yarışda iştirak üçün 66 şəhər və rayondan 396 nəfər məktəbli qeydiyyatdan keçib. Onlardan 198 nəfəri qızdır. Yarış İsveçrə sistemi üzrə keçirilib. Hər bir komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3 qız olmaqla 6 nəfərdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR