AMEA vite-prezidenti Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri ilə görüşüb

AMEA vite-prezidenti Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri ilə görüşüb
# 05 sentyabr 2013 07:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Almaniyanın Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Yeva Mariya Auxla görüşüb.

AMEA-dan APA-ya verilən məlumata görə, görüş zamanı ictimai və humanitar elmlər sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

İ. Həbibbəyli Azərbaycan-Almaniya elmi əlaqələrinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən bəhs edib. Almaniyadakı Azərbaycan mühacirət ədəbiyyatının toplanması, nəşri və tədqiqi sahəsində birgə əməkdaşlığın əhəmiyyəti nəzərə çatdırılıb.

Humbolt Universitetində fəaliyyət göstərən “Azərbaycan tarixi” kafedrasının Azərbaycanşünaslıq mərkəzi funksiyasını yerinə yetirməsi istiqamətində aparılacaq işlər diqqət mərkəzinə çəkilib. Humbolt Universitetində hazırlanması nəzərdə tutulan Qarabağ tanıma kitabının yazılması üçün Azərbaycan alimlərinin iştirakı və zəruri ədəbiyyatların çatdırılması məsələləri də görüşün əsas müzakirə obyektinə çevrilib.

Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Yeva Mariya Aux rəhbərlik etdiyi kafedranın həyata keçirdiyi tədbirlər və perspektiv iş planları haqqında geniş məlumat verib və Azərbaycan alimləri ilə əlaqələrə böyük önəm verdiklərini vurğulayıb.

Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasına Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyətinə dair kitablar bağışlanıb.

Görüşdə Nizami adına Ədəbiyyat İnstitutu ilə Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrası arasında qarşılıqlı əlaqələrə dair müqavilə imzalanması haqqında ilkin razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR