Azərbaycanda nadir ağac və kol bitkilərinin bəzilərinin genefondu təhlükə ilə üzləşib

Azərbaycanda nadir ağac və kol bitkilərinin bəzilərinin genefondu təhlükə ilə üzləşib
# 20 fevral 2014 15:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərdəkan Dendrarisinin direktoru, akademiyanın müxbir üzvü Tofiq Məmmədov, Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, müxbir üzv Tariyel Talıbov və professor Elman İsgəndərin “Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı nəşr olunub.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, “Elm” nəşriyyatında çapdan çıxmış kitabda Azərbaycan florasında təbii halda yayılmış 42 fəsilə 71 cinsə aid 198 növ nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri haqqında ətraflı məlumat verilir.

Nəşr ərsəyə gəlməzdən əvvəl tədqiqat materiallarına aid növlərin təbii yayıldığı areallarda monitorinqlər aparılıb və populyasiyalarda fərdlərin yayılışı öyrənilib. Aparılan müşahidələr nəticəsində məlum olub ki, kitabda verilən növlərin əksəriyyətinin arealları əvvəlki illərə nisbətən çox kiçilib, bəzilərinin genefondu təhlükə ilə üz-üzə gəlib. Nəşrdə bitkilərin areallarının kiçilmə səbəbi öyrənilir, onların təhlükə meyarları müəyyən edilir. Bundan əlavə, kitabda verilmiş növlərin arealları, bioloji xüsusiyyətləri, təbii ehtiyatın dəyişmə səbəbləri və qoruma tədbirləri haqda məlumat verilir.

Nəşrin Azərbaycanın “Qırmızı kitab”ına salınması tövsiyə edilir. Kitab ölkədə ekoloji tarazlığın saxlanılması, nadir incilərin tanınması və mühafizə edilməsi baxımından əhəmiyyətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR