Azərbaycan prezidenti Naftalanda bir neçə obyektin açılışında iştirak edib

Azərbaycan prezidenti Naftalanda bir neçə obyektin açılışında iştirak edib
# 10 sentyabr 2013 14:31 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Naftalan şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Azərbaycan prezidenti sonra Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan prezidenti Mərkəzlə tanış olub, burada yaradılmış şəraitdən razılığını bildirib.

Prezident İ. Əliyev Naftalanda “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə də tanış olub. Dövlət başçısının diqqətinə çatdırılıb ki, tikintisinə 2012-ci ildə başlanılan sanatoriyada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur. İnşaat işləri başa çatdıqdan sonra burada həm yerli, həm də xaricdən gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılacaq.

Azərbaycan prezidenti tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.

Dövlət başçısı Naftalan şəhərinə içməli suyun verilməsi mərasiminə də qatılıb.

Prezident əvvəlcə Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

“Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirib ki, şəhərə içməli su Çəkil kəhrizindən və subartezian quyulardan verilir. Naftalan şəhəri əhalisinin sayı 9 min nəfərdir və onların 81 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur. Şəhər əhalisinə içməli su sutkada 4-5 saatlıq qrafik əsasında verilir. “Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilir.

Qeyd olunub ki, layihə 2035-ci ilə - perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9,8 min, Qasımbəyli və Qaşaltı-Qaraqoyunlu kəndlərində isə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su yeni mənbədən - Ballıqayadan verilir. Şəhərin dayanıqlı su təchizatı üçün Ballıqaya-Goranboy kəmərindən 8 kilometr uzunluğunda magistral su xətti çəkilib, hər birinin həcmi 3 min kubmetr olan iki anbar tikilib. Layihəyə əsasən, şəhərə saniyədə 54 litr su gətirilir ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 33 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də yaradılacaq. İndiyə qədər kanalizasiya şəbəkəsinin 10 kilometrlik hissəsində işlər başa çatdırılıb. Tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab su təmizləyici qurğu inşa olunacaq. Layihə üzrə işlərin 2015-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Prezident İ. Əliyev Naftalan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR