Nazirlər Kabineti yaşayış yerini dəyişmiş vətəndaşlarla bağlı məlumatların İAMAS-a daxil edilməsini 2 il təxirə salıb

Nazirlər Kabineti yaşayış yerini dəyişmiş vətəndaşlarla bağlı məlumatların İAMAS-a daxil edilməsini 2 il təxirə salıb
# 01 iyun 2014 10:01 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 avqust tarixli 235 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar verib.

APA-nın verdiyi məlumata görə, dəyişiklik yaşayış yerini dəyişmiş vətəndaşlarla bağlı məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ( İAMAS) daxil edilməsi ilə bağlıdır.

Nazirlər Kabinetinin 29 avqust tarixli qərarına əsasən yaşayış yerini dəyişmiş vətəndaşlarla bağlı məlumatların İAMAS-a daxil edilməsinə 2014-cü il yanvarın 1-dən başlanılmalı idi. Dəyişikliyə əsasən, bu müddət dəyişdirilib. Yaşayış yerini dəyişmiş vətəndaşlarla bağlı məlumatların İAMAS) daxil edilməsinə 2015-ci il dekabrın 1-dən başlanılacaq.

Beləliklə, 2015-ci il dekabrın 1-dən yaşayış yerini dəyişdirdikdə, vətəndaşın yeni yaşayış yerində qeydiyyata alınması üçün müvafiq polis bölməsində vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketində göstərilən məlumatları optik oxuyucu və (və ya) klaviatura vasitəsilə, vətəndaşın şəxsiyyət vəsiqəsindəki zəruri məlumatlar isə pasport oxuyan proqram-texniki vasitə ilə İAMAS-a daxil ediləcək. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda müvafiq polis bölməsində 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anketində göstərilən və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində mövcud olan məlumatlar müvafiq informasiya sisteminə müraciət əsasında avtomatlaşdırılmış rejimdə, digər məlumatlar isə optik oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-a daxil ediləcək. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaşın olduğu yer üzrə qeydiyyatı üçün müvafiq polis bölməsində vətəndaşın ərizə-anketində göstərilən məlumatlar optik oxuyucu və (və ya) klaviatura vasitəsilə İAMAS-a daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR