Daxili işlər naziri Ramil Usubov Koreya Respublikasının Azərbaycandakı səfirini qəbul edib

Daxili işlər naziri Ramil Usubov Koreya Respublikasının Azərbaycandakı səfirini qəbul edib
# 23 oktyabr 2013 12:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Sok-İnni qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı səmimi salamlayan nazir DİN-in funksional vəzifələri, mövcud kriminogen durum barədə qısa məlumat verib. Transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığını qeyd edən R.Usubov onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Hər iki ölkə başçılarının siyasi iradəsinə uyğun olaraq son illər əlaqələrimizin genişləndiyini, ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığın Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin diqqətinə çatdıran nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasında birbaşa əlaqələr qurulmasının əhəmiyyətini, bu işdə rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Çoi Sok-İnn ölkəmizdəki dayanıqlı sabitlikdən, əmin-amanlığın nümunəvi qorunmasından məmnunluğunu ifadə edib, təhlükəsizliyin etibarlı təmini baxımından respublikamızın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşün sonunda nazir Ramil Usubov və səfir Çoi Sok-İnn "Azərbaycan Respublikasının Hökuməti və Koreya Respublikasının hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş" imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR