Milli Məclisdə “Dayaq” mentorluq layihəsi çərçivəsində tədbir keçirilib

Milli Məclisdə “Dayaq” mentorluq layihəsi çərçivəsində tədbir keçirilib
# 21 aprel 2014 09:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisində ölkədə həyata keçirilən “Dayaq” mentorluq layihəsi çərçivəsində tədbir təşkil olunub. APA-nın məlumatına görə, çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək, eləcə də yerli səviyyədə gender yönlü idarəetməni təmin etməkdir.

H. Hüseynova deyib ki, layihə çərçivəsində yerli özünüidarəetmədə qadın liderliyinin gücləndirilməsi mövzusunda 3 konfrans, bələdiyyədə təmsil olunan qadın iştirakçıların bilik və bacarıqlarının artırılması məqsədilə silsilə təlimlər və kiçik qrant layihələri uğurla həyata keçirilib: “Layihə iştirakçıları qadınların yerli idarəetmədə iştirakının gücləndirilməsi və ailədaxili zorakılığa qarşı mübarizə mövzularında Almaniyanın Berlin, Frankfurt, Mainz şəhərlərində təcrübə mübadiləsi görüşlərində iştirak ediblər”.

Milli Məclisin sədr müavini Bahar Muradova “Qadınlar idarəetmədə” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda qadınların dövlət işində rolunun getdikcə artdığını vurğulayaraq bunun prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğunu söyləyib.

Daha sonra Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe GİZ və proqram haqqında ümumi məlumat verib.

Proqramla bağlı videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR