Havay ştatının Nümayəndələr Palatası Azərbaycan-ABŞ münasibətlərinə həsr olunmuş qətnamə qəbul edib

Havay ştatının Nümayəndələr Palatası Azərbaycan-ABŞ münasibətlərinə həsr olunmuş qətnamə qəbul edib
# 19 iyul 2013 08:03 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Havay ştatının Nümayəndələr Palatası Azərbaycana və Azərbaycan-ABŞ münasibətlərinə həsr olunmuş qətnamə qəbul edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, qətnamədə 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın son 22 il ərzində öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyi və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyi qeyd edilir. Sənəddə bildirilir ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkənin böyük Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir.

Qətnamədə, həmçinin, ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları vurğulanır və qeyd olunur ki, Azərbaycan ABŞ-ın Xəzər hövzəsi kimi çox önəmli bir bölgədə güclü müttəfiqi və strateji tərəfdaşıdır. Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmaması və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir və Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir.

Sənəddə Azərbaycanın Havay ştatı ilə bütün sahələrdə, xüsusilə ticarət, təhsil və mədəniyyət sahələrində münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və Havay ştatının paytaxtı Honolulu şəhərinin Bakının Yasamal rayonu ilə uzun illərdən bəri qardaşlaşmış şəhərlər münasibətləri saxladığı qeyd olunur.

Sonda ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri daha da inkişaf etdirməli olduğu vurğulanır və Havay ştatının Nümayəndələr Palatasının Azərbaycan-ABŞ strateji tərəfdaşlığı və dostluğunu tam dəstəklədiyi bəyan edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR