Azərbaycan və Belarus hökumətləri arasında vergi sahəsində əməkdaşlığa dair sazişə əlavələr barədə protokol imzalanıb - FOTO

Azərbaycan və Belarus hökumətləri arasında vergi sahəsində əməkdaşlığa dair sazişə əlavələr barədə protokol imzalanıb - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 14:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın vergilər naziri Fazil Məmmədov Bakıda səfərdə olan Belarusun vergilər və yığımlar naziri Vladimir Poluyanla görüşüb.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Belarus ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin yüksək templə inkişaf etdiyini vurğulayan F.Məmmədov qeyd edib ki, son illər yüksək iqtisadi inkişafa nail olan Azərbaycanla böyük sənaye potensialına malik Belarus arasında bir çox sahələr üzrə geniş əməkdaşlıq imkanları mövcuddur.

Daha sonra vergi sahəsində əməkdaşlığın cari potensialı və inkişaf perspektivləri müzakirə olunub. Vergilər naziri Azərbaycanın vergi xidmətində aparılan islahatlar, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilən nailiyyətlər barədə qonağa məlumat verib, ölkəmizdə beynəlxalq təcrübəyə əsaslanan müasir innovativ vergi inzibatçılığının qurulması istiqamətində məqsədyönlü işlərin aparıldığını qeyd edib.

Belarusun vergilər və yığımlar naziri V.Poluyan Azərbaycanın vergi xidmətinin əldə etdiyi nailiyyətləri izlədiklərini, bir sıra sahələrdə təcrübə mübadiləsi aparılmasında, ölkəmizdə tətbiq edilən innovativ yeniliklərin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb. V.Poluyan dövlət qurumları arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, məlumat və təcrübə mübadiləsi, gələcəkdə qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsini vacib hesab etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Görüşdən sonra belaruslu nazir Azərbaycan Vergilər Nazirliyinin server mərkəzi ilə tanış olub.

Həmçinin, 2004-cü il noyabrın 5-də imzalanmış və 2005-ci il avqustun 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş»ə əlavə və dəyişikliklər olunması barədə protokol imzalanıb. Protokolu Azərbaycan hökuməti adından vergilər naziri F.Məmmədov, Belarus hökuməti adından isə vergilər və yığımlar naziri V.Poluyan imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR